“Ukrayna hesab edir ki, Rusiyanın qondarma Donetsk və Luqansk Xalq Respublikalarını (DXR və LXR) tanımasının hüquqi nəticələri olmayacaq".
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu, Donbasdakı diplomatik nizamlanmaya da zərbə vuracaq və dünyada qanunun aliliyinə “dağıdıcı nəticələr” göstərəcək:
“Qondarma respublikaların tanınmasının heç bir hüquqi nəticəsi olmayacaq. Rusiya Luqansk və Donetsk vilayətlərində müvəqqəti işğal olunmuş ərazilərdəki işğal administrasiyasını müstəqil qurumlar kimi qəbul edə bilməyəcək.
Respublikaların Rusiya tərəfindən tanınması Moskvanın vasitəçi kimi imzaladığı Minsk razılaşmalarından şüurlu şəkildə çıxmaq demək olardı. Belə bir addım siyasi və diplomatik nizamlanmaya ciddi zərbə vuracaq və beynəlxalq hüquqi nizam üçün geniş dağıdıcı nəticələrə səbəb olacaq.
Rusiya Prezidenti Vladimir Putin müraciəti dəstəkləyərsə, Rusiya Federasiyasını beynəlxalq ictimaiyyətdən qətiyyətli cavab gözləyir. Moskva mövcud danışıqlar formatları çərçivəsində konstruktiv mövqe tutmalıdır. Əks halda, Rusiya Minsk razılaşmalarının və silahlı münaqişənin sülh yolu ilə nizamlanması prosesinin məhv edilməsinə görə tam məsuliyyət daşıyacaq”.
Xatırladaq ki, Rusiya Dövlət Duması qondarma Donetsk və Luqansk Xalq Respublikalarının tanınması ilə bağlı ölkə Prezidenti Vladimir Putinə müraciəti qəbul edib. Sözügedən müraciət layihəsi ölkənin Kommunist partiyası tərəfindən təklif edilib.
Son xəbərlər
Son Xəbərlər