Separatçını dəstəkləyən Qarabağ “savaşçıları”

separatcini-destekleyen-qarabag-savascilari
Oxunma sayı: 2544


Avropa Şurası Parlament Assambleyası Krıma təcavüzə görə rusiyalı deputatların səsvermə hüququnu dondurdu. Əslində Rusiya üçün bu cəzanın heç bir əhəmiyyəti yoxdu. Zərdüşt Əlizadə demiş, bu, daha çox Avropa Şurasının özünün cəzalandırılmasıdır. Çünki şuraya daxil olan dövlətlər Rusiyanın qazı ilə isinir. Amma bununla belə, qurum bacardığını etdi. 

Məqsədim politoloqluq etmək deyil. Onsuz da işi-gücü danışmaq olan siyasətçilərimiz bu məsələni çürütməsə, əl çəkməyəcəklər. Diqqətimi bu prosesdə çəkən başqa məqamdır. Necə olur ki, Azərbaycanı qurumda təmsil edən nümayəndə heyətinin cəmi 6 üzvü səsvermədə iştirak edir, onlar da bitərəf qalırlar? 

Axı, bitərəf qalmaq separatizmə göz yummaqdı. Bitərəf qalmaq şərdən qorxmaqdı. Pafossuz-filansız, belə önəmli məqamda bitərəf qalmaq Qarabağı təhlükə altında qoymaqdı.

Bəli, acınacaqlıdır, Azərbaycan uzun illər böyük qardaşı olmuş Rusiyaya qarşı çıxa bilmir. Qorxu faktoru haqqı tapdanmış bir ölkəyə ədalətin tərəfini saxlamağa imkan vermir. 

Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Qarabağla bağlı məsələlərdə biganəlik göstərməyib. Əgər söhbət real yardımdan - ərzaq, silah və sairdən getsəydi, o zaman Rusiyaya qarşı çıxmaq üçün tərəddüdü anlamaq olardı. Amma hansısa beynəlxalq qurumun çıxardığı qərar boş sənədləşdirmədən başqa bir şey deyilsə, o zaman niyə Azərbaycan hakimiyyəti öz tarixinə belə bir utancverici fakt yazır? 

Nədənsə mənə elə gəlirdi ki, hakimiyyət ən azı bir müddət beynəlxalq aləmi Qarabağla bağlı qınamayacaq. Ancaq belə olmadı. Heç məlum utancverici olaydan bir gün keçməmiş Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov açıqlama verib dedi: "Biz dövlət başçısının Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün dünyada ifşa olunmasına nail olmalıyıq".  

Tam əmin olun, cənab Həsənov bu açıqlamanı verəndə heç üzü də qızarmayıb, amma mən oxuyanda utandım... 

Adama deyərlər, xeyir ola, sən heç kimlə münasibətini korlamaq istəmirsən, amma bizdən bunu gözləyirsən? 

Bu hakimiyyətdən hər şey gözləmək olar, hətta utanmasalar deyərlər ki, bu addımı da məhz Qarabağa görə atdıq. Separatçı ölkəyə qarşı çıxmadıq ki, gəlib torpaqlarımızdakı separatçıları çıxarmağa dəstək olsun. 

Nə istəsələr deyə bilərlər. Çünki bu ölkədə onlara inananların sayı o qədər də az deyil və böyük hissəsi də məhz qarabağlılardır. Bu adamlar nə zamansa Rusiyadan dəstək görəcəklərinə inanırlar.

Bəli, Rusiya Azərbaycana dəstək verəcək, amma bu hakimiyyəti saxlamaq üçün. Qarabağ hər zaman onun üçün oyun predmeti olub, belə də qalacaq. Rəsmi Azərbaycan isə yalnız öz hakimiyyətini qorumaq naminə separatçının yanında olacaq.

Bir sözlə, bu hakimiyyətin dövründə Qarabağ qayıtmayacaq. Gedin, qarnınızın davasını aparın...