Ötən gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri start götürüb.
"Qafqazinfo" xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilər mübarizəyə başlayıb.
Güləşçimiz Georgi Edişeraşvili ilk mərhələdə gürcü həmkarına qalib gəlib. O, daha sonra pakistanlı rəqibini məyus edib. Yığma üzvü tacikistanlı güləşçini də böyük fərqlə məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Monqolustan idmançısına məğlub olan Edişeraşvili Olimpiadaya lisenziya qazana bilməyib.
Abubakr Abakarov debütdə İsrail güləşçisi üzərində inamlı qələbə qazanıb. Təmsilçimiz növbəti mərhələdə Gürcüstan pəhləvanını tam üstünlüklə sıradan çıxarıb. Qazaxıstan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən Abakarov adını yarımfinala yazdırıb. Slovakya təmsilçisiylə qarşılaşmada 4:0 öndə olan Abubakr sonradan təşəbbüsü əldən verərək məğlub olub.
Mübarizəyə 1/8 finaldan qoşulan Vahid Qalayev ispaniyalı idmançını vaxtından əvvəl üstələyib. Ancaq daha sonra Venesueladan olan həmkarına uduzub.
Qeyd edək ki, Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında cəmi 3 sərbəst güləşçi təmsil edəcək. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya Təsnifat turnirində bu vəsiqəni qazanıb.
Son xəbərlər
Son Xəbərlər