Sərdar Cəlaloğlu PKK lideri ilə görüşündən danışdı

serdar-celaloglu-pkk-lideri-ile-gorusunden-danisdi
Oxunma sayı: 1273



O deyib ki, Q.Həsənquliyevin Qarabağın azad olunması naminə irəli sürdüyü ehtimalların (Həsənquliyevin Azərbaycanda Rusiya hərbi bazası yerləşməsi, suveren haqlarımızın müəyyən hissəsinin güzəştə gedilməsi açıqlaması nəzərdə tutulur) yer aldığı müsahibəsinin ətrafında bəzi dairələr məqsədyönlü təhrifetmə və qarayaxma kampaniyası aparır: “Qüdrət Həsənquliyevin fikirlərini öz arzu və istəklərinə uyğun yerə yozanlar onun Rusiya qoşunlarının Azərbaycana dəvət edilməsi təşəbbüsündə bulunduğunu iddia edirlər. Bəlkə Sərdar Cəlaloğlu öz təcrübəsindən çıxış edərək təkliflər irəli sürsün. Məsələn, desin ki, vaxtilə əməkdaşlıq etmək məqsədilə görüşdüyü PKK terror təşkilatının liderlərindən biri olan Dilana heykəl qoyulsun. Həm də Sərdar Cəlaloğlu ilə birlikdə, əllərində də oraq-çəkic...” 

BAXCP sədrinin müavininin açıqlamasından belə qənaət yaranır ki, Sərdar Cəlaloğlu nə vaxtsa hansısa PKK nümayəndəsi ilə görüşüb. “Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Sərdar Cəlaloğlu musavat.com-a açıqlama verib. O, qəzəbli şəkildə bildirdi ki, BAXCP rəhbərliyi özlərinin etdiyi qələtin məsuliyyətindən qurtarmaq üçün ora-bura çamur atırlar: “İstəyirlər mənim vaxtilə dövlətə, millətə etdiyim xidmətimi özlərinin dövlətə, millətə xəyanəti ilə bir tərəziyə qoysunlar. Qüdrət Həsənquliyevin müavininin öz aləmində guya məni ifşa etdiyini zənn eləyib ortaya atdığı məsələ barədə vaxtında özüm mətbuata, ictimaiyyətə açıqlama vermişəm. 1991-ci ildə Qarabağ müharibəsi təzə alovlanan vaxtlarda Naxçıvanda ADP-nin sədri olaraq mənə məlumat verildi ki, Türkiyədən iki nəfər gəlib siyasi təşkilatların rəhbərləri və rəsmi dairələrlə görüşlər keçirirlər, səninlə də görüşmək istəyirlər. Biz o vaxtlar Türkiyədən kim gəlirdi görüşürdük və çalışırdıq Azərbaycan həqiqətlərini çatdıraq. Bu dəfə gələnlərlə də gedib çayxanada görüşdük. Biri qadın idi. Təmiz türk dilində danışırdılar. Söhbət əsnasında məlum oldu ki, bunlar PKK-nın nümayəndələridir. Gəliblər Azərbaycan kürdləri arasında iş aparmağa ki, onlar azərbaycanlılarla birləşib ermənilərə qarşı vuruşmasınlar, çünki bu, türk-erməni münaqişəsidir. Eyni zamanda Azərbaycandan PKK-nın apardığı mübarizəyə dəstək istəməyə gəldiklərini dedilər. Bildirdilər ki, məqsədləri Naxçıvandakı siyasi qüvvələrlə tanış olub burada Azərbaycanın paytaxtına, Qarabağa və digər bölgələrinə getməkdir. Mən iki saat onlara erməni-türk məsələsini, kürdlərin Azərbaycanda mövqeyi məsələsini, Qarabağ problemini, ermənilərin Qarabağda kompakt yaşayan kürdlərə qarşı da divan tutduğunu, onların da yurd-yuvalarını işğal etmək üçün çalışdıqlarını ətraflı izah etdim. 

Eyni zamanda Türkiyədə kürdlərin apardığı mübarizə forması ilə bağlı tənqidi fikirlərimi çatdırdım və dedim ki, SSRİ-nin yaratdığı bu problem nə Türkiyənin, nə də kürd xalqının xeyrinə deyil, əsl məqsəd Türkiyəni zəiflətmək və İslam dünyasını parçalamaqdır. Həmin iki şəxs də mənə dedilər ki, Naxçıvanda rəsmi dairələrlə və siyasi qüvvələrin nümayəndələri ilə görüşmüşük. İlk dəfədir ki, bu cür aydın təsəvvürlərimiz yarandı. Hətta dedilər ki, artıq Azərbaycanın başqa ərazilərinə keçmək fikrindən daşındılar, Naxçıvandan Türkiyəyə qayıdırlar. Hətta bildirdilər ki, kürdlər də yurd-yuvalarını erməni işğalından qorumaq üçün vuruşmalıdırlar.  Beləliklə, faktiki olaraq, mənin onlarla görüşüm onların mövqeyini tam dəyişdi və Azərbaycanın milli maraqlarına xidmət etmiş oldum”.

S.Cəlaloğlu vurğuladı ki, onun hələ 1991-ci ildə milli maraqlara xidmət edən bu addımını Elçin Mirzəbəyli BAXCP sədrinin Azərbaycanın suverenliyi və Konstitusiyası əleyhinə çağırışı ilə eyniləşdirmək istəyirsə, özünü gülüncü vəziyyətə qoymuş olur: “Mən PKK nümayəndələrinin mövqeyini dəyişməklə onların geri qayıtmasına nail olmuşam və xalqıma xidmət etmişəm. BAXCP rəhbərliyi isə minlərlə şəhidin qanı bahasına əldə etdiyimiz müstəqilliyimizə qarşı təklif irəli sürməklə xəyanətə yol verib”.