“Şərəf üçün oynayırıq” - Yurçeviç

seref-ucun-oynayiriq
Oxunma sayı: 1039

“Sabah qrupdakı son oyunumuzu keçirəcəyik. Bu oyunun nəticəsi rəqib üçün daha vacibdi. Çünki onlar bizi məğlub edib, Uelsdəki matçın heç-heçə bitməsini arzulayırlar. Amma biz də sabahkı görüşdə uğur qazanmağa çalışacağıq”.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Nikola Yurçeviç sabah Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiyaya qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Xorvat mütəxəssis milli üzvlərinin şərəf üçün oynayacaqlarını bildirib: “Komandamız motivasiyalıdır. Şərəf üçün oynayırıq. Uğurlu nəticə qazanmaq üçün bütün gücümüzü meydanda qoyacağıq. Cəmi 1 xalımız var. Amma yalnız bir görüşdə xal qazanmaq şansımız olmayıb ki, bu da məhz Slovakiya ilə qarşılaşma idi. Rəqib güclüdür. Onlar müasir futbol sərgiləyirlər”.

Yığmamızın çalışdırıcısı bildirib ki, millimiz sabahkı oyuna ciddi itkilərlə çıxa bilər:

“Heyətdə dəyişiklik olacağı istisna deyil. Amma bu barədə indi dəqiq nəsə deyə bilərəm. Heyətdə problemlərimiz var. Maksimlə Mahirin oynamayacağı əvvəldən məlum idi. Amma Paşayev, Nazarov və Almeydanın da oynaması şübhə altındadı. Son durumları sabah səhər bilinəcək. Ona görə də heyətdə dəyişikliklər olması istisnad deyil”.

Yurçeviç komandamızı sabahkı görüşə motivasiya etməyin çətin olması ilə bağlı sualı belə cavablandırıb:

“Bir tərəfdən komandamızı bu oyuna motivasiya etmək çətin olacaq. Slovaklar üçün 3 xal daha vacibdi. Amma futbolçularımız peşəkardılar. Nə etməli olduqlarını bilirlər. Qrupda cəmi 1 xal qazanmışıq. Ümumi götürdükdə, digər komandalar bizdən daha üstündülər. İlk matçda Slovakiyaya 1:5 hesabı ilə uduzmuşduq. Bu məqam da futbolçuların sabahkı görüşə motivasiyasını artırmalıdır”.

Xorvat məşqçi yığmamızın son 2 oyunda qol vura bilməməsi haqda da danışıb:

“Bəli, rəsmi olaraq son 2 oyunda qol vura bilməmişik. Amma Macarıstanla görüşdə bütün dünyada gördü ki, təmiz qolumuzu saymadılar. Hazırda hücumçu mövqeyi ilə bağlı problemlərimiz var. Ramil Şeydayev, Renat Dadaşov və Mirabdulla Abbasov klublarında da müntəzəm oynamırlar və belədə tez-tez fərqlənə bilmirlər. Amma düşünürəm ki, Şeydayev və Renat Azərbaycan üçün vacib futbolçulardı”.

Yurçeviç yığmadakı gələcək taleyi ilə bağlı sualı dəqiq cavablandırmayıb:

“Müqaviləmin müddətinə bitməsinə 2 ay qalıb. Bəli, bu, mənim üçün seçmə mərhələdə son rəsmi oyundu. Amma sonradan nə olacağını indidən bilmirik. Ona görə də yığmadakı fəaliyyətimlə bağlı nəsə deyə bilmərəm”.