“Sərəncamdan sonra həbs edilənlərin sayı 30 faiz azalıb”

serencamdan-sonra-hebs-edilenlerin-sayi-30-faiz-azalib
Oxunma sayı: 2245

“Prezidentin sərəncamından sonra istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Baş prokuror Zakir Qaralov bu gün keçirdiyi əməliyyat müşavirəsində bildirib.

O qeyd edib ki, həmin Sərəncamdan irəli gələn vəzifələrin vaxtında və tam şəkildə yerinə yetirilməsi, cəza siyasətinin liberallaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi, Ədliyyə Nazirliyi və Baş Prokurorluğunun əməkdaşlarından ibarət tərkibdə yaradılmış birgə işçi qrupu tərəfindən təkliflər hazırlanıb.

Həmin təkliflər əsasında hazırlanmış qanun layihəsi prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında qanunvericilik orqanına təqdim edilib və layihə 1 dekabr 2017-ci il tarixdən qüvvəyə minib.

Baş prokuror yeni qanunla Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik edilərək, Məcəllədə indiyədək nəzərdə tutulmuş 18 növ cinayət əməlinin dekriminallaşdırıldığını, cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqi əsaslarının xeyli dərəcədə genişləndirildiyini, 152 növ cinayətlərin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunaraq cəza siyasətinin humanistləşdirilməsi istiqamətində bir sıra digər mühüm tədbirlərin həyata keçirildiyini bildirib.