Sərgilər mövsümü başlayır

sergiler-movsumu-baslayir
Oxunma sayı: 644

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, bu mövsümdə sərgi həvəskarlarını ənənəvi və debüt layihələrdən ibarət 23 sərgi və konfrans gözləyir.

2012-ci ildə keçiriləcək beynəlxalq sərgi və konfransların tərəfdaşları qismində ölkənin aparıcı şirkət və strukturları çıxış edəcəklər. Onların arasında “Azerfon-Vodafone” (rabitə tərəfdaşı), “AZAL” şirkəti (rəsmi hava daşıyıcısı), “Caspel” şirkəti (texniki dəstək), “Hilton Baku” və “Qafqaz Point” otelləri (rəsmi mehmanxanalar) və “Greenwich Travel Club” (rəsmi turizm operatoru) var. Bütün sərgilər “Bakı Ekspo” mərkəzində keçiriləcək.

Sərgilər mövsümünü ölkənin turizm sahəsinin aparıcı hadisəsi – aprel ayının 12-dən 14-dək keçirilməsi planlaşdırılan 11-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” (“AITF”) sərgisi açacaq.

May ayının 15-dən 17-dək Xəzəryanı regionda qida sənayesinin ən böyük beynəlxalq sərgisi - “WorldFood Azerbaijan” artıq 18-ci dəfə yerli və xarici istehsalçı və distributorların liderlərini öz meydançasında toplayacaq.

19-cu Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası – “Caspian Oil & Gas” və 2-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji – “Caspian Power 2012” sərgiləri isə 5-8 iyun tarixlərində keçiriləcək.

13-15 iyun tarixlərində keçiriləcək 11-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian-2012” və 2-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2012” sərgiləri isə sərgi mövsümünün yarımilliyini başa vuracaq.


Sərgi mövsümünün sentyabr ayında start götürəcək ikinci yarımilliyində isə “Education and Career”, “BIHE”, “Beauty Azerbaijan”, “BakuBuild”, “Aqua-Therm Baku”, “Caspian MebelExpo”, “CaspianRealty”, “CIPS Caspian” və “BakuTel” kimi ənənəvi sərgilər keçiriləcək.


Bu ilin Azərbaycan Prezidenti tərəfindən “İdman İli” kimi elan edilməsi ilə əlaqədar olaraq, 1-ci Azərbaycan Beynəlxalq İdman, İdman Ləvazimatı və Geyimi “SportExpo” 2012 sərgisi mövsümün ikinci ongünlüyünün debütü olacaq.

Bu il ilk dəfə olaraq eksponentlərin və ziyarətçilərin rahatlığı üçün “QR kod” sistemi tətbiq olunacaq (QR - ingilis dilində “quick response” sözündən götürülüb ki, bu da “operativ cavab” deməkdir).

Nigar Məmmədli