“Qafqazinfo”, oxucuları şərh yazmaq imkanından məhrum etdi. Bu haqda saytda gedən xəbərdə səbəblərə aydınlıq gətirilib.
Həmkarlarım bu addımı alqışladı. Ona görə ki, saxta niklər altında təhqir və haqsız tənqid olunmağı həzm etmək çətindi. Hərçənd yazmaq həyat tərzimiz olduğu və qazancımız qonorardan çıxdığı üçün buna dözməyə məcbur idik.
Maariflənməyi, kitab oxumağı bu qədər təbliğ etdiyimiz, cəmiyyətdəki eybəcərlikləri göstərdiyimiz halda haqsız tənqidlə üzləşir, təhqir olunurduq. Görünür, oxumuz hədəfə dəyirdi...
Biz rüşvət almırıq, kiməsə kələk gəlib çörəkpulu qazanmırıq; ev yıxmırıq; adamların halal haqqına sahib çıxmırıq. Ölkədə bu “sahələri” monopoliyaya alan adamlara səsi çıxmayanlar burda bizi necə deyərlər, asıb-kəsməklə məşğuluydular.
Yazarları söymək üçün yaşmaqlanan nə çox kişiləri bu əzabdan xilas elədi “Qafqazinfo”. Klavyeyə toxunmaqla adamları təhqir etməyi su içmək kimi asanca bacaranlar indi zəhmət çəkib bu adətlərini tərgitsinlər.
Virtualda başqa adlar arxasında gizlənib şiri-nər olanların realda üz-üzə gəldikdə quzuya döndüyünü çox görmüşük. Halbuki içinin nifrinini, kin-küdurətini 5-10 manat qonorarla dolanan adama qusanlar ona sərf etdikləri vaxta hansısa kitabdan bir abzas oxuya bilərdilər. Əla sublimasiya olardı bu.
Vaxtı belə qəddarlıqla qətlə yetirməzlər.
Ola bilsin ki, necə deyərlər, qurunun oduna yaş da yandı. Yəni yazıya normal münasibət bildirən oxucular da saxta niklər altında içinin kin-küdurətini foruma tökənlərin güdazına getdi. İnciməyə dəyməz. Bu toplum cahillərdən heç vaxt xali olmayıb.
Bütün bunlara rəğmən dəyərli vaxtını ayırıb yazılarımızı oxuyan oxuculara dərin təşəkkürümü bildirirəm...
Son xəbərlər
Son Xəbərlər