Əmlak Məsələləri Dövlət Komitəsi Qazax rayonunun 1-ci və 2-ci Şıxlı, eləcə də Aşağı və Yuxarı Salahlı kəndlərində “kütləvi çıxarış” kampaniyası keçirib.
“Qafqazinfo” xəbər verir ki, rayonun həmin kəndlərindən olan 200-yə yaxın sakininə qeydiyyatla bağlı xidmət göstərilib. Vətəndaşlar arasında Qarabağ müharibəsi veteranı, qaziləri, şəhid ailələri olub. 1-ci Şıxlı kəndindən 75 ailə, 2-ci Şıxlıdan 60, Aşağı Salahlıdan 45, Yuxarı Salahlıdan isə 20 ailə xidmətlərdən yararlanıblar. Onlardan 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışların 50-yə yaxını pay torpaqlarının, 20-dən çoxu fərdi yaşayış evlərinin, 20-yə yaxını həyətyanı torpaq sahəsinin, qalanları isə qeyri-yaşayış sahəsinin payına düşür.
Vətəndaşlara çıxarışlar təqdim olunmaqla yanaşı, 60 nəfərə yaxın kənd sakininə hüquqi yardım xidmətləri də göstərilib. Onlara çıxarışın əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı, həmin sənədlərin hansı qurumlardan alınması qaydası, o cümlədən qeydiyyat müddəti və prosedurları izah olunub. Sakinlər isə göstərilən xidmətlərdən razılıqlarını ifadə ediblər. Bildiriblər ki, kampaniya onların işdən ayrılmadan, vaxtlarına qənaət etməklə sənəd almasına şərait yaradıb.

Son xəbərlər
Son Xəbərlər