Sərhəddə hərbçilərimizə silahlı müqavimət göstərilib

Sərhəddə hərbçilərimizə silahlı müqavimət göstərilib
Oxunma sayı: 3566

Son günlərdə “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 106 kiloqramdan çox narkotik və 4000 psixotrop həbin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, mayın 12-də Füzulinin Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində dövlət sərhədi İrandan Azərbaycan istiqamətində pozulub. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Kolluqların arasında gizlədilmiş 1 ədəd qara rəngli bağlamanın içərisində çəkisi 9,4 kq narkotik aşkar olunub.

Mayın 15-də Yardımlının Abasallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 4 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmasını müşahidə edib. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq geriyə İran istiqamətində qaçıblar. Ərazidə aparılmış axtarış nəticəsində 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 80 kq-a yaxın narkotik və psixotrop tərkibli 4000 ədəd “metadon-40” həbləri aşkar olunub.

Mayın 17-də Yardımlının Alçabulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması aşkar olunub. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, cinayətkarlar əmrə tabe olmayaraq silahlı müqavimət göstərib və avtomatdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd ediblər.

Sərhəd naryadı tərəfindən silah tətbiq olunub, qaçaqmalçılar bağlamaları yerə ataraq geri İran ərazisinə qaçıblar. Axtarış zamanı qaçaqmalçılar tərəfindən atılmış 3 ədəd bağlamanın içərisində ümumi çəkisi 17,5 kq qram narkotik, 1 ədəd AKM-74 markalı silah, 20 ədəd patron, 1 ədəd gecəgörmə cihazı və 40 qutu “KENT” markalı siqaret aşkar olunub. Hadisə yerinə yaxın ərazidə 1 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb, hazırda şəxsiyyəti müəyyənləşdirilir.

Həmçinin oxuyun: Ağdaşda toydan çıxıb 5 nəfəri güllələyən şəxs - “Qardaşımı öldürmək istəmirdim”