Şərqlə Qərbin arasında qalmışıq - Problem

serqle-qerbin-arasinda-qalmisiq-
Oxunma sayı: 966

2015-ci ildə ümumtəhsil müəssisələrinin 88366 məzunu olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, son on bir ildə məzunların sayı 34742 nəfər azalıb: "Bu meyl artıq bir neçə ildir ki, müşahidə olunur. Son on bir ildə məzunların sayı 28.22 faiz azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Amma ötən illə müqayisədə məzunların sayı 3488 nəfər artıb".

“Qafqazinfo” “Bizim Yol” qəzetinə istinadən xəbər verir ki, məlumata görə, 2015-ci ildə sənəd verənlərin 66.04 faizini ötənilki məzunlar təşkil edib". TQDK-dan verilən məlumatda həmçinin qeyd olunur ki, abituriyentlərin orta attestat qiymətləri hesablanaraq, onların qəbul imtahanlarında topladıqları ballarla müqayisəsi aparılıb. Xəbərə görə, attestatda bütün qiymətləri "5" olan abituriyentlərlə bütün qiymətləri "3" olan abituriyentlərin imtahan balları müqayisə edilib: "Tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97.02 faizinin qəbul imtahanlarındakı nəticələri də çox zəif - 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 48.46 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.

TQDK-dan bildirilib ki, 2015-ci ildə keçirilən I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 59.3 faizi 200-dən az bal toplayıb. Məlumata görə, ötən il abituriyentlərin 59.3 faizi imtahandan "2", 15.2 faizi "3", 17.8 faizi "4", 7.6 faizi isə "5" qiymət alıb.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, 2015-ci ildə keçirilmiş buraxılış imtahanlarında 9-cu və 11-ci sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub. Xəbərdə qeyd olunur ki, belələri 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfər təşkil edib. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb.

11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlər sırasında Sabirabad rayonundan 6 nəfər, Lənkəran rayonundan 4 nəfər, Hacıqabul rayonundan 3 nəfər, Tovuz rayonundan 2 nəfər, Daşkəsən, Gədəbəy, Qazax, Goranboy, İmişli, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərəsindən isə 1 nəfər olub.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev TQDK-nın məlumatlarını qəzetə şərh edib. Ekspert bildirib ki, keçirilən islahatlar, tətbiq olunan strategiyalar, yeniliklər - hamısı təhsilə müəyyən təsir göstərib. Onun sözlərinə görə, bu gün ölkədə yaxşı məktəblər meydana gəlib: "Respublikada 4500-dən artıq məktəb var. Ancaq əsas güc Bakı və digər şəhərlərdəki pilot məktəblərə düşür. Respublikadakı məktəblər bu yeniliklərdə fəal iştirak etmir. Yəni onların iştirak etmək imkanı yoxdur. Etiraf etmək lazımdır ki, mərkəzdən kənar bəzi dağ rayonlarında məktəblər var ki, orada ali məktəbdə təhsil almaq, ümumiyyətlə məktəbə getmək istəməyən şagirdlərə rast gəlirik. Beləliklə, yüz minlərlə olan sayın içərisində müəyyən qədər keyfiyyətsiz nəticə göstərənlər də olur. Ancaq burda diqqət çəkən cəhət odur ki, "5" qiymətlə məktəbi bitirmiş uşaqlar içərisində yazıb oxumağı bilməyənlər var. Və yaxud "5" qiymətlə oxuyub qurtaranların 47 faizi qəbulda bu nəticəni ödəyə bilməyib. Bunlar da düşündürür insanı. Mənim müşahidələrimə görə, bu gün məktəblərə nəzarət çox zəifdir. Müəyyən məktəblərdə təşəbbüslər, axtarıcılıq var. Yeni məktəb direktorları həvəslə işləyir. Ancaq görünən odur ki, bunlar bəs etmir".

Ə.Ağayev deyir ki, bəzi məktəbdə nazirliyin göstərdiyi qayda-qanunlar 100 faiz yerinə yetirildiyi halda, bəzilərində hətta elə müəllim tapılır ki, ona verilən gülün əvəzinə daha qiymətli hədiyyə istəyir: "Təhsil qanununda göstərilir ki, məktəb öz məhsuluna görə məsuliyyət daşıyır. Hansı məktəbi bu cür zəif nəticə göstərən şagirdinə görə tənqid ediblər və ya ictimai qınağa çəkiblər? Yoxdur belə şeylər. Ancaq 80 adama birdən əməkdar müəllim adı və ya ilin müəllimi adı verildiyini görürük. Yaxşılar var sözsüz. Ancaq digərlərini də hərəkətə gətirmək üçün müəyyən tələblər verilməlidir. Düşünürəm ki, bunlar yoxdur. Bunların böyük əksəriyyəti rayon təhsil şöbələrinin və direktorların üzərinə düşür. Əgər bir məktəbdə bədən tərbiyəsi, texnologiya, nəğmə dərsi keçirilmirsə, riyaziyyat dərsi bütün dərslərdə keçirilirsə burda sistem pozulur, şagirdlər yorulur. Onlar nə riyaziyyatı öyrənə bilir, fizioloji cəhətdən də sağlamlığını itirirlər. Bütün bu problemi həll etmək üçün respublika məktəblərinin monitorinqi keçirilməli, zəif cəhətləri öyrənərək sistemli yanaşma tətbiq olunmalıdır".

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, təhsilimizin mövcud durumuna dair TQDK-nın açıqlamasındakı utancverici statistika nəinki, təhsil ictimaiyyəti, hər bir vətəndaş üçün ciddi mesaj olub. Bu, hər kəsi dərindən düşündürməli olan bir problemdir: "Əlbəttə, bu rəqəmlər kiməsə yeni və təəccüblü görünsə də, bununla belə illərdən bəri təkrarlanan və getdikcə dərinləşməkdə olan təzahürün nəticəsidir. Pessimist proqnoz olsa da, razılaşmalı və qəbul etməliyik ki, bu proses hələ daha bir müddət davam edəcək və bir qədər də dərinləşəcək. Çox illik pedaqoji və təhsili idarəetmə orqanlarındakı fəaliyyətimlə bağlı təcrübəmə əsasən konkret səbəbləri nədə görürəm? Hər şeydən əvvəl təhsil radikallığı, sıçrayış yolunu qəbul etmir, təkamül yolu ilə, mərhələlərlə inkişafı tərciyə edir. Əbəs yerə deyil ki, hələ 1999-cu ildə qəbul edilmiş Təhsil sahəsində İslahat Proqramında təhsilin əsas məqsədlərindən biri kimi birmənalı şəkildə qeyd edilmişdi ki, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparılsın. Biz nə etdik? Toplanmış potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə olan-qalan potensialımızı da vurub dağıtdıq. Nə sovet təhsil sistemindən tam olaraq çıxa bildik, nə də qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik. Yəni təhsilimiz belə demək mümkün olarsa, bir növ şərq və qərb arasında qalıb".

N.İsrafilovun sözlərinə görə, repetitorluğun çiçəklənməsinə və ayrı-ayrı əlavə hazırlıq kursları şəbəkəsinin intişar tapmasına rəvac verməklə məktəb mühitinin deformasiyaya uğramasına, bunun nəticəsi kimi məktəbin öz başlıca qanunvericilik funksiyasını itirməsinə şərait yaratdıq. "Qəbul prosesini ixtisaslara bölməklə bir qrup təhsil alanların bütün fənlər üzrə deyil, konkret dar ixtisaslar üzrə hazırlaşmasına, ali təhsil almaq məqsədi olmayanların isə ümumiyyətlə oxumağa marağının itməsinə zəmin yaratdıq.

Qiymətləndirmə mexanizmlərindəki boşluqlar, orta məktəblərdəki klassik "5" ballıq şkala ilə qəbul zamanı tətbiq olunan 700 ballıq qiymətləndirmə arasındakı ciddi uyğunsuzluqlar, müəllim hazırlığında peşəkarlığın məhdudluğu, dərsliklərin lazımi bilik təminatını ödəməməsi,TQDK və Təhsil Nazirliyini yaranan problemi fərqli prizmalardan qiymətləndirməsı və digər sadalamağa ehtiyac olmayan və çoxlarına məlum olan obyektiv və subyektiv səbəblər yaranmış vəziyyətdə öz rolunu oynayıb. Hesab edirəm ki, bu proses hələ neçə illər davam edəcək".