Sertifikatlaşdırma təhsilə nə qazandıracaq? - Rəylər

sertifikatlasdirma-tehsile-ne-qazandiracaq
Oxunma sayı: 1677

Xəbər verdiyimiz kimi, iyunun 20-dən müəllimlərin sertifikatlaşdırılması prosesinə start verilib. 20-24 iyun tarixlərində baş tutan sertifikatlaşdırma imtahanlarına 28 000-dən çox təhsilverən cəlb olunub. 

“Qafqazinfo” xəbər verir ki, mövzu ilə bağlı bir çox tanınmış ictimaiyyət nümayəndələri öz fikirlərini bölüşüb.

Akademik Rafiq Əliyev:

“ Sertifikatlaşdırma təkcə ölkəmizdə deyil, inkişaf etmiş bütün ölkələrdə demək olar ki, vacib sahələrdə həyata keçirilir. Təhsilverənlərin biliyinin ölçülməsi meyarları düzgün təşkil edildikdə bu birbaşa olaraq şagirdlərimizin gələcək inkişafına müsbət təsir edəcək. Bütün bunları nəzərə aldıqda sertifikatlaşdırılmanın keçirilməsini müsbət addım kimi qiymətləndirirəm”.

Millət vəkili Məlahət İbrahimqızı:

“Sertifikatlaşdırma ölkəmizdə təhsil sahəsində aparılan uğurlu islahatlardan biridir. Bu sertikatlaşmanın müəllimlərin bilik və bacarığını daha da artıracağına əmin olduğumu bildirmək istəyirəm. Qloballaşan dünyamız o qədər sürətlə inkişaf edir ki, bu gün əldə etdiyimiz biliklər sabahla uzlaşmır. Ona görə də nəinki müəllimlər, bütün peşə sahibləri öz üzərində daim çalışmalıdır”.

Millət vəkili Naqif Həmzəyev:

“Sertifikatlaşdırmanın nəticələrini biz yaxın gələcəkdə daha yaxşı görəcəyik.Sertifikatlaşma ilə bağlı təbliğat və maarifləndirmə işi də yüksək səviyyədə qurulub. Bütün bunlar da, təbii ki, müəllimlərin streslə, narahatçılıqla deyil, rahat şəkildə imtahan verməsinə zəmin yaradır”.  

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov:

“Müəllimlərin sertifikatlaşdırılmasının keçirilməsini müsbət addım kimi qiymətləndirirəm. İmtahanların şəffaf və uğurlu təşkil olunduğunu düşünürəm. Ümid edirəm ki, bu proses gələcəkdə bütün müəllimlərimizin daha da uğurlu fəaliyyəti üçün müvafiq zəmin yaradacaq”.

AzTV-nin sədr müavini Rafiq Həşimov:

“ Elm və Təhsil Nazirliyi tərəfindən atılan bu addım cox proqressiv bir addımdır. Bu addım bizim gələcək nəsillərin inkişafına xüsusi töhfə verəcək. Nəzərə alaq ki, müəllimlərimiz nə qədər bilikli və bacarıqlı olsa, gələcək nəsillər də həm bir nümunəvi vətəndaş, həm də mütəxəssis kimi yetişəcək və gələcəkdə cəmiyyətimizin inkişafını sürətləndirəcək”.

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu:

“Düşünürəm ki, sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əməkhaqqının artırılması təhsilverənlər üçün əlavə motivasiya yaradacaq. Nəticədə müəllimin əmək haqqı yüksəldikcə təhsilin keyfiyyəti də artacaq”.

PR və kommunikasiya üzrə mütəxəssis Azər Nəzərov:

“Müəllimlərin sertifikatlaşdırılmasının ən yaxşı və vacib tərəflərindən biri odur ki, onların bilik və bacarığı qiymətləndirilir. Düşünürəm ki, bu qiymətləndirmə müəllimdə əlavə məsuliyyət yaradır və eyni zamanda onlara motivasiya olur. Ümid edirəm ki, bunun nəticələri gələcəkdə öz bəhrəsini verəcək”.

Həmçinin oxuyun: 100 студентам будет выдана "Стипендия имени Гейдара Алиева" - 3000 манатов