“Sərxoş halda yatıblar, oyandıqda....”

serxos-halda-yatiblar-oyandiqda
Oxunma sayı: 2366

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlayaraq ölümünə səbəb olan Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, hakim İradə Həsənzadənin sədrliyi ilə baxış iclası keçirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Bildirib ki, 2013-cü ilin noyabrın 13-də Arif Əliyev Konstantin Atanadzenin dəvəti ilə ikincinin evində yeyib-içiblər. İçkili olan hər iki şəxs yatıb, Arif Əliyev oyandıqda köynəyinin, köynəyinin cibindəki 100 manat pulun və Atanadzenin yerində olmadığını görüb. Bir neçə gün sonra Arif Əliyev köynəyini və pulunu almaq üçün Atanadze ilə görüşüb. Bu zaman Konstantin söyüş söyüb və Arif Əliyev bıçaqla onun qarnından vuraraq qaçıb. Xəstəxanaya yerləşdirilən K.Atanadze orada vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. A.Əliyev saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Arif Əliyev ifadə verərək özünü qismən təqsirli bildiyini deyib: “Mən onu öldürmək istəmirdim”. A.Əliyev ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib.

A.Əliyevin bacısı Lalə Hüseynova şahid qismində ifadə verib. O deyib ki, qardaşı bütün günü evdə oturub ancaq “Topaz”la məşğul olurmuş: “Futbolun ensiklopediyas idi, amma heç nə də qazanmırdı. Arif tıxsız balıq idi, bundan əvvəl cəmi 3 dəfə məhkum olub, hamısı da nahaqdan olub. Birinci dəfə də erməniyə görə, indi də gürcüyə görə həbs olunub”.

Arif Əliyev əlavə edərək deyib ki, bəzən “Topaz”da udduğu vaxtlar da olub.

Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.

Murad Əhməd