Sərxoş vəziyyətdə yataqxanada yanğın törətdi - Fotolar+Yenilənib

serxos-veziyyetde-yataqxanada-yangin-toretdi
Oxunma sayı: 3818

Şirvanda sərxoş vəziyyətdə olan şəxs yataqxanada yanğın törədib.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, hadisə Şirvan şəhəri Fariz Eynullayev küçəsi 13 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

Hadisə kişinin yaşadığı beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə təşkil olunmuş içki məclisindən sonra baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və başqa mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı mənzilləri bürüyən tüstüdən üç nəfər zəhərlənərək Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Yataqxana sakinləri müvəqqəti olaraq binadan təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi Şirvandakı yanğınla bağlı məlumat yayıb.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Şirvan şəhərində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan bir otağın yanar konstruksiyaları yanıb. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib və 30 nəfər sakin təhlükəsiz əraziyə təxliyə edilib. Qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.