“Səs Uşaqlar”ın finalı ilə bağlı - İTV-dən açıqlama

ses-usaqlarin-finali-ile-bagli
Oxunma sayı: 1337

İctimai Televiziya və Radio Yayımları Şirkəti koronavirus pandemiyası səbəbilə bir sıra layihələrinin formatına dəyişiklik edib. Bu barədə “Qafqazinfo”ya telekanalın İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynurə Asimqızı məlumat verib.

Onun sözlərinə görə, bunlardan da biri “Səs Uşaqlar” müsabiqəsidir:

"Müsabiqənin final mərhələsinin vaxtı Operativ Qərargahın verdiyi qərara əsasən karantin qaydalarına uyğun olaraq dəyişdirilib. Layihənin Azərbaycan üzrə yayım hüququnun müəllifi İTV və layihənin müəllifi olan “Talpa Global B.V” şirkətləri arasında aparılan danışıqlara əsasən “Səs Uşaqlar”ın final mərhələsinin vaxtı il sonuna qədər uzadılıb. Hazırda müsabiqənin beynəlxalq finalçıları - Yalkı Saka (Türkiyə) və Adelina Bayseupovanın (Rusiya) ölkəmizə gəliş  imkanları barədə danışıqlar aparılır. Pandemiya səbəbilə karantin qaydaları yumuşaldılacağı təqdirdə beynəlxalq finalçılar Azərbaycana gəliş imkanı əldə edəcək və müsabiqənin finalı reallaşdırılacaq.

Bundan əlavə, İTV həm də paralel olaraq böyüklər üçün “Səs Azərbaycan” layihəsinin qeydiyyatına start verib ki, böyüklərin qatılacağı seçim turunun da “Səs Uşaqlar”a maneəsi yoxdur. Belə ki, hazırda böyüklər üçün ilkin mərhələ olan seçim turudur ki, bu da  video formatında həyata keçirilir. Növbəti mərhələlərdə isə müsabiqənin yaradıcı qrupu tərəfindən  həm ustadlar, həm də layihənin aparıcısı müəyyən ediləcək və bu barədə “Səs” sevərlərə ətraflı məlumat veriləcək".