13 saylı Xəzər-Pirallahı seçki dairəsindən olan namizəd Nərmin Yusifova fevralın 5-də Buzovnada seçiciləri ilə görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı N.Yusifova bildirib ki, bu müddət ərzində onun ən çox çalışdığı deputatın kim olduğu və nə işlər görə biləcəyi haqqında seçiciləri məlumatlandırmaq olub:
“Ümidvaram, bunu az da olsa bacardım. Artıq yollarınız, qazınız, işığınız, nəqliyyatınız, suyunuz və digər problemləriniz olanda kimin “yaxasından yapışmalı” olduğunuzu bilirsiniz. İcra hakimiyyəti, “Azərsu”, “Azərişıq”, “Azəriqaz” və digər orqanlar hər vətəndaşı tək-tək qəbul etməyə bilər. Lakin hamınızın səsi olan şəxs hər kəsi qəbul etməyə, ona qulaq asmağa borcludur . Və sizin hər birinizin üzərinə hazırda düşən əsas məsələ bu adamı seçməkdir. Bu dəqiqə hər birinizin üstünə düşən vəzifə problemlərinizi həll edə biləcək insanı dəstəkləməkdir.
Hər birinizi seçkiyə, düzgün namizədə səs verməyə səsləyirəm. Sonra gec ola bilər! Mən öz seçicilərimə də, düzgün seçim edəcəyinizə də inanıram! Sizin hər birinizin səsi həlledicidir! Siz yalnız səs vermirsiniz, həmçinin özünüz övladınızın və ətrafınızın növbəti 5 illik gələcəyinə bünövrə qoymuş olursunuz. Seçim sizin əlinizdədir! Son sözü siz deyəcəksiniz! Gələcək sizin əlinizdədir! Səs verin ki, səsiniz eşidilsin”.
Daha sonra, Nərmin Yusifovanın vəkili Elmar Yusifov çıxış edərək səsvermə hüququnun istifadəsinin önəmindən danışıb və gələcəkdə görülə biləcək işlər barəsində məlumat verib.



Son xəbərlər
Son Xəbərlər