Fevralın 7-dən etibarən İctimai Televiziyanın efirində məşhur “The Voice Kids” (“Səs Uşaqlar”) layihəsi start götürüb.
“Qafqazinfo” xəbər verir ki, Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənni Çingiz Mustafayev, müğənni-bəstəkar Murad Arifin münsif olduğu yarışmanın ilk günündə diqqətçəkən iştirakçılar olub.
Onlardan biri 12 yaşlı Hikmət Qasımovdur. 7-ci sinif şagirdi olan Hikmət müsabiqədə məşhur “Röya kimi” mahnısını səsləndirib. H. Qasımovun ifası üç münsifi geri çevirə bilib. Lakin onun seçimi Çingiz Mustafayev olub. Hikmət buna səbəb kimi Çingizin ona gitaranı sevdirməsini göstərib.
“Səs Uşaqlar”da diqqətçəkən digər iştirakçı Gürcüstan vətəndaşı olan Tamari Kavtaradzedir. O, ingilis dilində “Adagio”nu səsləndirib. Qoridən müsabiqə üçün Bakıya gələn Tamarinin ifası həm zalda əyləşən qonaqları, həm də münsifləri təəccübləndirib. O, yarışmaya Çingizlə davam etmək istədiyini açıqlayıb.
Musiqi müsabiqəsinin ilk günü marağa səbəb olan bir başqa iştirakçı Gülyaz Həsənzadə olub. 14 yaşlı Gülyaz Xalq Artisti Rübabə Muradovanın repertuarına müraciət edərək “Nədən oldu” mahnısını ifa edib. Onun çıxışını üç jüri də bəyənib, Gülyaz isə Zülfiyyə Xanbabayevanı seçib.



Son xəbərlər
Son Xəbərlər