Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, sənədi energetika nazirinin müavini Samir Vəliyev və “ACWA POWER” şirkətinin direktoru Ayad Əl Amri imzalayıb.
Anlaşma memorandumu Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya qoyuluşu, bunun üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirir.
S.bildirib ki, hazırda bərpa olunan enerji sahəsinin inkişafı üçün qanunvericilik bazası hazırlanır, investorların cəlbi üçün mexanizmlər üzərində işlənilir:
““ACWA POWER” şirkəti ilə əməkdaşlıq bu sahədə fəaliyyətin səmərəli təşkilində, bərpa olunan enerjinin istehsal xərclərinin azaldılmasında qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinə, bərpa olunan enerji layihələrinin gələcəkdə həyata keçirilməsinə töhfə verəcəkdir”.
Qeyd edək ki, “ACWA POWER” şirkəti əsasən bərpa olunan enerji mənbələrindən istifadə və dəniz suyunun duzsuzlaşdırılması sahələrində ixtisaslaşmış şirkət olaraq enerji və su layihələrini həyata keçirir. Şirkət hazırda Asiya və Afrika ölkələrində, o cümlədən Misir, İordaniya və digər ölkələrdə külək və günəş enerjisi layihələrini həyata keçirir.
Son xəbərlər
Son Xəbərlər