Seul şəhərində yerləşən “Four Seasons” mehmanxanasında ümummilli lider Heydər Əliyevin 100 illiyi və 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Koreyanın dövlət və hökumət rəsmiləri, müxtəlif qurum və təşkilatlarının rəhbər şəxsləri, o cümlədən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Li Yun-Yonq, Koreya İdxalatçılar Assosiasiyasının prezidenti Kim Byonq-Kvan, Koreya Beynəlxalq Ticarət Assosiasiyasının vitse-prezidenti Kim Gi-Hyon, Koreyada işgüzar səfərdə olan Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Seulda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, KİV nümayəndələri, aparıcı Koreya şirkətlərinin, elmi-ictimai təşkilatların, ali təhsil ocaqları və beyin mərkəzlərinin təmsilçiləri və Koreyada təhsil alan Azərbaycanlı tələbələr və diaspor nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin əlamətdar irsinə geniş yer verilib, onun mürəkkəb tarixi və siyasi sınaqlar fonunda xalqımızı sarsılmaz qətiyyətlə inkişafa doğru aparan qüdrətli liderliyindən bəhs olunub. Heydər Əliyevin mükəmməl idarəçilik bacarığı və vətənpərvərliyi sayəsində Azərbaycanın siyasət, sosial-iqtisadi, elm-texnologiya və mədəniyyət kimi müxtəlif sahələrdə əhəmiyyətli tərəqqiyə nail olduğu vurğulanıb.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın hazırda bütün dünyada hörmətlə qarşılanan bir ölkəyə çevrildiyi və 2020-ci ildə 44 Günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyi qonaqların diqqətinə çatdırılıb.
Daha sonra Azərbaycan-Koreya əlaqələrinə toxunularaq, ötən dövr ərzində ölkələrimizin sıx ikitərəfli münasibətlər qurmağa nail olduğu, qarşılıqlı təmas və mübadilələrin diplomatik təmsilçilik, ali və yüksək səviyyəli səfərlər, müxtəlif əməkdaşlıq mexanizmləri və layihələri ilə özünü büruzə verdiyi vurğulanıb.
Hazırda Azərbaycan və Koreya arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğu deyilərək, bu çərçivədə 30 ildən sonra Ermənistan işğalından azad olunmuş Azərbaycan ərazilərində aparılan quruculuq işləri, nəzərdə tutulan layihələrdən bəhs olunub. Azərbaycan rəhbərliyi tərəfindən Koreya şirkətlərinin həmin quruculuq işlərinə dəvət edildiyi bildirilib.
Tədbirdə Koreya hökuməti adından şərəf qonağı qismində Koreya xarici işlər nazirinin ictimai məsələlər üzrə müavini Lim Su-Sok və Koreya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri So Byonq-Su təbrik nitqləri söyləyərək, təbriklərini çatdırıblar.

Son xəbərlər
Son Xəbərlər