Sevda ilə Miri Yusifin rəsmi hesabları oğurlandı

sevda-ile-miri-yusifin-resmi-hesablari-ogurlandi
Oxunma sayı: 2159

Azərbaycanın iki məşhur siması - Xalq artisti Miri Yusif və müğənni Sevda Yahyayevanın rəsmi feysbuk hesabları oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, bir neçə həftə bundan əvvəl Sevdanın, qısa zaman öncə isə Miri Yusifin profilləri ələ keçirilib.

Sözügedən hesabda Yahyayevanın 319 min, Xalq artistinin isə 161 min izləyicisi var. Həmin səhifələr Şərqi Asiyadan olan dələduzlar tərəfindən fişinq metodu ilə oğurlanıb.

Texnoblogger Fərid Pərdəşunas prosesin necə baş verməsini izah edib: “Miri Yusif və Sevda Yahyayeva da daxil olmaqla məşhurların rəsmi feysbuk hesabları Kamboca, Tailand və digər Cənub-Şərqi Asiyadan olan dələduzlar tərəfindən fişinq metodu ilə oğurlanıb.

Bu metod çox professional şəkildə həyata keçirilir. Onlar bir vasitəçi şirkət adından “Nike”, “Gucci” və s. kimi böyük brendlərin reklamını yerləşdirmək adı ilə yazırlar və 1 günlük reklam üçün böyük mükafatlar təqdim edirlər. Daha sonra feysbuk “business menecer” vasitəsilə səhifənizdə reklam yerləşdirmək üçün sizə sorğu göndərir. Bu, rəsmi olaraq feysbuk tərəfindən göndərilən sorğudur. Bunu qəbul etdiyiniz halda artıq səhifəniz sizdən uzaqlaşır. Səhifələrin bərpası çətindir və zaman alır”, - deyə o qeyd edib.  

“Qafqazinfo” məsələ ilə bağlı Sevda Yahyayeva ilə əlaqə saxlayıb. Sənətçi sözügedən mövzudan xəbərdar olduğunu, bunun üçün İT mütəxəssislərlə danışıqlara başladığını bildirib.

Elvin Elxan