Son dövrdə çəkilən bir hind filminə baxmışdım. Oğlan həmcinsini sevir. Anasının ən böyük arzularından biri oğlunu evləndirməkdi. Oğlu isə məsələni açıb-ağarda bilmir və anasının bu cür təkliflərindən boyun qaçırır. Ana deyir: “Camaata cavab verməkdən bezmişəm, hamı soruşur ki oğlunun yaşı keçir, niyə evlənmir? Nə olar oğul, evlən!” Və kövrəlir. Bu zaman oğlunun həmcinsi zəng edir: “Səni sevirəm...”
Oxşar hadisə yadıma düşdü. Fərq ondadır ki, bu hadisədə oğlanın sevgilisi öz həmcinsi yox, yaşca özündən xeyli böyük qadındı. Mahiyyət dəyişmir: oğul evlənib ailə-uşaq sahibi ola bilmir. Ana da hər gün “evlən” deyib yalvarır ona. Ağlayır, fəryad edir...
Oğulu ana-atasının əlindən alan qadının yaşı 50-ni keçib. 3 uşağı var. Həyatı kişilərin cibini talamaqla və ailələr dağıtmaqla keçib. Birçəyinə dən düşən vaxtda da cavan bir oğlanı keçirib cənginə. Evin tək oğludu “sevgilisi”. Ata-anasının ümid yeriydi. Oxudu, ali təhsil aldı. Əli çörəyə çatanda hardansa ilişdi həmin qadına. İndi qopa bilmir.
Bu günlərdə gəlib evlərindən əşyalarını da yığıb köçüb həmin qadının yanına...
Atası zəng edib qadına: “Zülmlə oğul böyütmüşəm. Özüm ac qalıb onu yedirtmişəm ki, oxusun, ailə qursun, yaşlaşanda əlimdən tutsun. Burax onu, gəlsin evə. 3 uşağın var. Anasan. Oğlumun anasını anlamağa çalış.” Qadın kişini yazılması mümkün olmayan sözlərlə təhqir edəndən sonra deyib ki, biz bir-birimizi sevirik...
Valideynlər əli qoynunda qalıb. Dözə bilmirlər. Xəcalət də bir tərəfdən... “Oğlun hanı” sualını verənlərə xaricə işləməyə getdiyini deyirlər. Ümid edirlər ki, gələcək.
Sevgi azadlığının görünməyən tərəfləri də var. Gördüyümüz tərəfləri danışanda görmədiyimiz tərəflər haqda da düşünək...
Son xəbərlər
Son Xəbərlər