“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev bəstəkar və pedaqoq, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin abidəsinin açılışında deyib. İ. Əliyev bildirib ki, bu gün Azərbaycan musiqisini inkişaf etdirən bəstəkarlar, sənət adamları öz töhfəsini verirlər ki, bu ənənələr davam etsin, bu ənənələr kəsilməsin, istedadlı musiqiçilər, bəstəkarlar yetişsin. Bu məqsədlə Azərbaycan dövləti əlindən gələni edir və edəcəkdir: “Hər bir ölkənin inkişafı üçün onun mədəni həyatı xüsusi əhəmiyyət daşıyır. Biz uzun illər, əsrlər boyu müstəqillikdən məhrum idik. Ancaq müstəqilliyə olan sevgimizi ürəyimizdə yaşatmışdıq. Musiqimiz, ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz bizi bir xalq kimi qorudu və bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən dövlətdir”.