Tanınmış jurnalist Sevinc Osmanqızına qarşı cinayət işi açılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistin hüquqlarının müdafiəçisi Elmira Sarıyeva modern.az-a məlumat verib. Jurnalistə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.
İş Nərimanov rayon Məhkəməsinin hakimi Məzahir Sadıxovun icraatına verilib. Huquq müdafiəçisinin verdiyi məlumata görə, bundan əvvəl qarşı tərəf tanınmış jurnalisti xarici xidmət orqanlari ilə əməkdaşlıq etməkdə ittiham edib.
Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb.
Sevinc Osmanqızı CNN, BBC və digər aparıcı Qərb mətbuatında Azərbaycana dair verilişlərin müəllifidir. ANS-in Amerikada xüsusi müxbiri işləməzdən əvvəl televiziyanın “Xəbərlər” redaksiyasının bas redaktoru, Londonda BBC radiosunun jurnalist-prodüseri çalışıb.
"Açıq söhbət" siyasi debat proqramının moderatoru olub. Şəhid jurnalist Osman Mirzəyevin qızıdır.
***
Bakının Nərimanov rayon Məhkəməsində jurnalist Sevinc Osmanqızı (Mirzəyeva) qarşı xüsusi ittiham qaydasında qaldırılan cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Sevinc Osmanqızının nümayəndəsi çıxış edərək onunla əlaqə saxladığını bildirib. Onun sözlərinə görə, hazırda ABŞ-da yaşayan Sevinc Osmanqızı övladlarının təhsili və maddi vəziyyəti ilə bağlı məhkəmə prosesinə qatıla bilməyəcəyini açıqlayıb.
Bundan sonra hakim bildirib ki, Sevinc Mirzəyeva ilə bağlı İcra Hakimiyyətinə, Dövlət Statistika Komitəsinə, Dövlət Sərhəd Xidməti və digər dövlət qurumlara sorğular göndərilib və hələlik cavab əldə olunmayıb.
Hakim buna görə də prosesin yanvarın 13-dək təxirə salındığını deyib.
Son xəbərlər
Son Xəbərlər