Sevinc və kədərin tamaşası... - Fotolar

sevinc-ve-kederin-tamasasi
Oxunma sayı: 3466

Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri maraqlı tədbirlərlə davam edir. 

“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində iyunun 12-də Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun (ÖDSMİ) səhnəsində “Mənəm, mən” tamaşasını nümayiş etdirib.

Səhnə əsərini ÖDSMİ-nin professor-müəllim heyəti və tələbələri, qardaş ölkənin mədəniyyət, incəsənət xadimləri izləyiblər.   

Yazıçı-dramaturq İlqar Fəhminin əsəri əsasında 2019-cu ildə, mütəfəkkir şair İmadəddin Nəsiminin (1369–1417) 650 illiyi münasibətilə hazırlanan tamaşaya Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə quruluş verib. Tamaşanın rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşovdur.

Janrı mistik-psixoloji dram kimi təyin edilən tamaşa Azərbaycan Dövlət Yuğ Teatrı və Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında ərsəyə gətirilib.

Tamaşada Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Amid Qasımov, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Famil Quliyev iştirak ediblər.

Səhnə əsərində hürufilik anlayışı elm, eşq, ilahi yazı və övliyalıq kimi tamaşaçıya təqdim olunur. Kollektiv fərqli zaman və məkan anlayışlarını səhnədə cəm etməklə özbək tamaşaçıları Nəsiminin dövrü, eşqi, kədəri, sevinci, həqiqəti, ölümü və ölümsüzlüyü ilə tanış ediblər.

Tamaşa sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.