“Şəxsən deyə bilməzdim müharibə nə qədər davam edəcək”

sexsen-deye-bilmezdim-muharibe-ne-qeder-davam-edecek
Oxunma sayı: 1510

“Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı bildirib ki, birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi:

“Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq və o vaxt, əlbəttə, heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək. Hətta noyabrın 8-də biz Şuşanı işğaldan azad edəndən sonra da mən şəxsən deyə bilməzdim müharibə nə qədər davam edəcək. Çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi. 

Ancaq bilmirdik, düşmən nə vaxt təslim olacaq. Halbuki, müharibə zamanı mən dəfələrlə öz çıxışlarımda, xalqa müraciətlərimdə və xarici jurnalistlərə müsahibələrdə deyirdim ki, əgər düşmən bizə bizim torpağımızdan çıxması ilə bağlı tarix versə, biz müharibəni dayandırmağa hazırıq və bu sözə də əməl etdik. Bildiyiniz kimi, noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul edib, etiraf edib, bu məğlubiyyətlə barışıb və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Biz isə Zəfər gününü məhz 8 Noyabr tarixində qeyd edirik. Çünki 8 noyabrda erməni ordusu artıq təslim olmuşdu”.