Milli Məclisin növbəti plenar iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı müzakirə edilib.
“Qafqazinfo” xəbər verir ki, Milli Koordinator, Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov 2019-cu illə bağlı deputatlara illik məlumat verib.
Qeyd edək ki, bu S. Əzimovun Milli Koordinator kimi ilk hesabatıdır.
***
S. Əzimov çıxışında bildirib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləriylə 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb: “10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Axtarışı elan olunmuş 35 təqsirləndirilən şəxsdən 54,3 faizi və ya 19-u tutulub. İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 27 təqsirləndirilən şəxs ( 5 kişi, 22 qadın) cinayət məsuliyyətinə cəlb edilib. Əvvəlki illərdə cinayət təqibi tamamlanmış şəxslər də nəzərə alınmaqla 42 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb. Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşı, 2-si əcnəbi olub ( Tacikistan və Özbəkistan vətəndaşları). Onlardan 54-ü istismar məqsədilə Türkiyə, 16-sı Qətər, 8-i İran, 5-i Rusiyaya aparılıb. 5-i Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Azərbaycanda istismara məruz qalıb. Zərərçəkənlərdən 78-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilib. 14 nəfər işlə təmin edilib, 45-i peşə kursuna göndərilib. 58 nəfər ailələrinə geri qaytarılıb”.
Milli Koordinator vurğulayıb ki, uşaq əməyinin istismarının qarşısını alınması məqsədiylə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib: “Aparılmış yoxlamalarla həmin uşaqlardan yalnız birinin məcburi əməyin qurbanı olması təsdiqlənib. Digər hallar üzrə cinayət tərkibi müəyyən olunmayıb. Həmin faktlar əsasında övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bununla bərabər müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyəti orqanları yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 670 material göndərilib”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər