Xətai RPİ və 37-ci Polis Şöbəsinin keçirdiyi əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Nadim İmanverdiyev saxlanılıb.
“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, üzərinə və əlindəki bağlamaya baxış zamanı 16 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb. Nadim İmanverdiyev ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu “Seyfur Rza” adlı İran vətəndaşından onlayn yolla Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.
Qeyd edək ki, b ilin fevral ayında Xətai RPİ, eləcə də ərazi polis şöbə və bölmələrinin keçirdiyi əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 60 nəfər saxlanılıb. Bu şəxslərdən külli miqdarda güclü təsiredici xassəyə malik narkotik vasitələr aşkar edilib.
Həmçinin Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan Oruc Babayev saxlanılıb. Həmin şəxsdən 1 ədəd “Revolver” tipli tapança və 3 ədəd patron aşkar edilib.
Xətai RPİ əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyat zamanı isə rayon ərazisində yerləşən dövlətin balansında olan transformator məntəqəsindən oğurluq edən Naib Musayev də saxlanılıb. Həmin şəxs etdiyi oğurluq nəticəsində dövlət qurumuna 2 min manatdan artıq maddi ziyan vurub.
Qeyd edilən faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər