Şeyx Xameneyiyə başsağlığı verdi

seyx-xameneyiye-bassagligi-verdi
Oxunma sayı: 3378

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.

“Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki – İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, Zati-həzrətlərinizin Şərqi Azərbaycan üzrə nümayəndəsi – Təbrizin imam-cüməsi Ayətullah Əli Haşimin və müşayiət edən digər rəsmi şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı. Bu hüznlü matəm günündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyib, kədərinizə şərik olduğumuzu ifadə edir, İranın Ali Rəhbəri olaraq Sizə və həzrətlərinizin simasında həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan, Azərbaycan və Qafqaz müsəlmanları adından dərin hüznlə başsağlığı verir, Allah-Təaladan həlak olanlara rəhmət diləyirəm. Allah dərgahında uca məqam olan şəhidlik mərtəbəsinə ucalmış mərhumların nəsibi, inşallah, cənnət olar. Qədirbilən müsəlmanlar, o cümlədən, Azərbaycan müsəlmanları İran xalqının hüznünə şərik olaraq, İranın dəyərli şəxsiyyətlərinin xatirəsinə Quran oxuyur, dualar edirlər. Ruhları şad olsun!”, - başsağlığında qeyd olunub.

Qeyd edilib ki, İbrahim Rəisi ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimi olub:

“Uca Peyğəmbərimiz Məhəmməd Salavatullahın nəslinə mənsub mübarək şəxs idi. İran-Azərbaycan əlaqələrinin inkişafı, mehriban qonşuluq münasibətlərinin dərinləşməsi üçün səylərini əsirgəməmiş Prezident Rəisinin xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Əminik ki, qəzavü-qədər İran xalqının sarsılmaz iradə və əzmini qırmayacaqdır və Sizin müdrik rəhbərliyinizlə İran dövləti yeni nailiyyətlərə yetişəcək, inşallah! Uca Allah Öz Lütf və Mərhəmətilə qardaş xalqlarımız və dövlətlərimizi hər zaman ucada qərar versin və hifz etsin! Amin”.