Yasamal rayonunda baş verən zəncirvari qəzada avtomobili yararsız vəziyyətə düşən Nəsimi Babayev ödənmədiyi üçün redaksiyamıza müraciət edib. Şikayətçi “Qafqazinfo”ya bildirib ki, aprel ayında “ZİL” markalı yük maşınının sürücüsünün səbəb olduğu qəzada 18 maşına ciddi ziyan dəyib. Hadisədən sonra yük maşınını icbari sığortalayan “AzərSığorta” şirkəti bütün avtomobillərə sığorta pulunun veriləcəyini bildirsə də, hadisədən 9 ay keçməsinə baxmayaraq heç bir ödəniş olunmayıb.
N. Babayev sığorta şirkətinə müraciət etdiyi zaman ona digər sürücülərin də sənədlərini təqdim etməsini gözlədiklərini deyiblər:
“Dəfələrlə “AzərSığorta” şirkətinə və 3 dəfə Maliyyə Nazirliyinin muvafiq idarəsinə rəsmi müraciət etsəm də, 9 ayda hələ bir rəsmi cavab ala bilməmişəm. Qəzada mənim “Volkswagen Passat” markalı avtomobilim tam yarasız vəziyyətə düşüb. “ZİL”in sürücüsü ilə də danışmışam. O, mənə bildirdi ki, əlində pul yoxdur və xərcləri sığorta şirkəti qarşılayacaq. Məhkəməyə müraciət etdim, orada da dedilər ki, 2 min ver, işi sənin xeyrinə yazaq”.
N. Babayev onu da bildirib ki, kasko sığortası olan 4 avtomobil sahibinə öz sıgortası üzrə ödəniş olunub: Sığorta şirkəti ilə son danışığımda Şahbaz Abbasovla görüşdüm və mənə digər maşın sahiblərinin sənədlərini gözlədiklərini, imtina edən şəxslərin də pulunun bizim aramızda bölünəcəyini bildirdi. Ancaq yenə də şirkətdən bir xəbər yoxdur”.
“Qafqazinfo”nun əməkdaşı məsələyə aydınlıq gətirmək üçün “Azərsığorta” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, sığorta pulunun ödənməsi üçün qəzada ziyan çəkmiş bütün avtomobil sahibləri qüsur sənədini şirkətə təqdim etməlidir: “İcbari sığortda maksimum ödənə biləcək məbləğ 5 min manatdır və bu məbləğ onların arasında mütənasib olaraq bölünməlidir. Bunun üçün də onların hamısı qüsur aktını təqdim etməli, faiz hesablanmalıdır. Bu prosesin nə qədər çəkəcəyi bilinmir. 1 ay da ola bilər, 1 il də. Həmin hadisədə zərər çəkən bütün avtomobil sahibləri ilə əlaqə saxlamağa çalışsaq da, haqqında heç bir məlumat olmayan şəxslər var. Onlar polisə əlaqə nömrəsi qoymadığı üçün proses ləngiyir. Hazırda bu məsələ ilə bağlı bütün sənədlər Sabunçu filialımızdadır”.
Sənədlərlə bağlı Sabunçu filialı ilə əlaqə saxladığımız zaman filial direktorunun hazırda işdə olmadığı bildirilib.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər