Silk Way Airlines 20 yaşını qeyd edir

silk-way-airlines-20-yasini-qeyd-edir
Oxunma sayı: 1424

Silk Way Group şirkətlər qrupunun üzvü olan və çarter reysləri şəbəkəsi ilə qlobal miqyasda xidmət göstərən aparıcı hava yolu yükdaşımaları şirkəti Silk Way Airlines 20 illik yubileyini qeyd edir.

“Qafqazinfo” xəbər verir ki, bu illər ərzində Silk Way Airlines şirkətinin marşrut şəbəkəsi dünyanın 130-dan artıq ölkəsini əhatə edib, aviadaşıyıcının təyyarələri isə 70 milyon dəniz mili məsafə qət edərək 600 min tondan çox yük daşıyıb.

2001-ci ildə qurulmuş şirkətin işçi heyəti hazırda beynəlxalq səviyyədə tanınmış kvalifikasiyaya malik 440-dan artıq yüksəksəviyyəli təcrübəsi olan peşəkardan ibarətdir.

Hava yolu yükdaşımaları şirkəti ilk öncə sərnişin aviasiyasının uçuş dəstəsi əsasında yaradılıb. Şirkət təsis edilməmişdən əvvəl üç ekipaj 1996-cı ildə Ukraynanın Uzin aerodromunda simulyator təlimini müvəffəqiyyətlə bitirərək Kiyev yaxınlığındakı Julyanı texniki təlim mərkəzində xüsusi hazırlıq keçib. Onlar sonradan Silk Way Airlines şirkətinin ilk uçuş heyətini formalaşdırıb.

Silk Way Airlines şirkətinin donanması hazırda beş “İlyuşin IL-76” təyyarəsindən ibarətdir. Bir çox hallarda ekipaj yol şəbəkəsindən tamamilə ayrılmış, qeyri-münasib və ya infrastruktursuz, eləcə də yerüstü dəstəyi və ya yükləmə-boşaltma əməliyyatları üçün avadanlıqları olmayan bölgələrə xüsusi və kritik yüklərin çatdırılmasını təmin edib. Yük bölməsi avadanlığı sayəsində İlyuşin yük təyyarələri həcmli, dəyərli və ya təhlükəli yüklərin, habelə neft-qaz avadanlıqlarının, özüyeriyən qurğuların və böyük ölçüdə yüklərin daşınması üçün optimal həlldir.

Silk Way Airlines şirkəti ilk beynəlxalq uçuşunu 2001-ci ilin oktyabr ayında Bakı-Lö Burje-Baqram marşrutu istiqamətində IL-76 4K-AZ19 təyyarəsi ilə həyata keçirdi. Bu, Əfqanıstanda “Sarsılmaz azadlıq” əməliyyatının başlamasından sonra bu ölkəyə yerinə yetirilən ilk mülki uçuş idi.

Bu gün Silk Way Airlines müntəzəm uçuşların həyata keçirilməsi mümkün olmayan ərazilərə yüklərin çatdırılması üzrə sərfəli təkliflər təqdim edir.

"Son 20 ildə qazandığımız ən böyük nailiyyət əldə etdiyimiz geniş təcrübə və bu müddət ərzində bir sıra çətinliklərin öhdəsindən uğurla gəlməyimizdir. Bunun sayəsində Silk Way Airlines bu gün yalnız Xəzər bölgəsində deyil, həm də uzaq bölgələrdə xidmət göstərməkdədir. Şübhəsiz ki, bu 20 illik uğur hekayəsinin arxasında daima güclüpeşəkarlardan ibarət bir komanda vardı", - deyə Silk Way Airlines şirkətinin direktoru Rəhim İslamov qeyd edir.

2006-cı ilin iyul ayında təsis edilən Silk Way Group Azərbaycan iqtisadiyyatında lider mövqe tutan və dinamik inkişaf edən şirkətlər qrupudur. 2019-cu ildəki restrukturizasiyadan sonra qrup hava yolu yükdaşımaları və təyyarələrə texniki xidmət göstərən Silk Way Airlines, Silk Way West Airlines və Silk Way Technics şirkətlərindən ibarətdir.