Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ istiqamətində yeni yolun və körpülərin inşasına başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, sözügedən avtomobil yolu paytaxtı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur. Layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Yeni layihə boyu 1 tunel, 8 böyük və 5 kiçik körpü də layihələndirilib. Bunlardan Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. 3 körpü – Ağsuçay, Gülyançay və Dəmiraparançay isə trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib tikilir. Həmçinin yol boyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.
Layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü layihələndirilib. Yol Ağsuçayı üzərindəki körpüdən sonra qarşılaşılan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçəcək. Basqal kəndi yaxınlığında trassanı düzləndirmək hesabına isə yol 2.2 km qısalır.
Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən bu yol ötən əsrin 70-ci illərində salınıb.





Son xəbərlər
Son Xəbərlər