Şimali Koreyadan uğursuz cəhd

simali-koreyadan-ugursuz-cehd
Oxunma sayı: 2900

Şimali Koreya raket daşıyıcısının havada partlaması səbəbindən kəşfiyyat peykini orbitə çıxarmaq cəhdinin uğursuzluqla nəticələndiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Milli Aeronavtika və Kosmik Texnologiyalar İdarəsi (NATA) “Malligyong-1-1” adlı kəşfiyyat peykinin buraxılış sınağını həyata keçirdiyi bildirilib.

Şimali Phyonqan əyalətindəki Sohae Peyk Atma Sahəsində həyata keçirilən sınaqda yeni hazırlanmış peyk daşıyıcı raketdən istifadə edildiyi və raketin buraxılışdan qısa müddət sonra havada partladığı qeyd olunub.

İlkin araşdırmalarda qəzanın maye-oksigen və benzin mühərrikində yaranan nasazlıq nəticəsində baş verdiyi müəyyən edilib və hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Şimali Koreya keçən ilin may və avqust aylarında iki uğursuz buraxılış cəhdindən sonra yerli “Malligyong-1” adlı casus peykini noyabr ayında orbitə uğurla yerləşdirdiyini açıqlayıb.

Bunun ardınca rəsmi Pxenyan 2024-cü ildə orbitə yeni peyklər göndərməyi hədəflədiyini açıqlayıb.