“Simsar” Teatrının bədii rəhbəri Polşaya gedir

simsar-teatrinin-bedii-rehberi-polsaya-gedir
Oxunma sayı: 647

Bu gün Polşanın Krakov şəhərində Şərqi Avropa Teatr Platforması Şəbəkəsinin rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə Azərbaycanı “Simsar” teatr-studiyasının bədii rəhbəri Pərviz Məmmədrzayev, “Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov, layihənin Azərbaycan üzrə koordinatoru Səbuhi Məmmədov və “Motor Production”ın rəhbəri Alina Abdullayeva təmsil edəcəklər.

“Simsar” Teatr-studiyasının direktoru İradə Nurəddinqızının “Qafqazinfo”ya verdiyi məlumata görə, tədbir oktyabrın 9-a kimi davam edəcək.
Polşanın A. Mitskeviç adına İnstitutun təşkil etdiyi tədbirdə Şərqi Avropanın müxtəlif ölkələrindən - Bolqarıstan, Xorvatiya, Belarusiya, Gürcüstan, Çexiya Respublikası, Rumıniya, Slovakiya, Ukrayna, Serbiya, Macarıstan, Bosniya və Hersoqovina, Sloveniya və Moldovadan müxtəlif teatr xadimləri, tənqidçilər, rejissorlar, direktorlar, prodüserlər iştirak edəcək.

Görüş çərçivəsində yaxın iki ildə Şərqi Avropada gerçəkləşməsi nəzərdə tutulan teatr və mədəniyyət layihələri, yeni idaretmə mexanizmləri müzakirə olunacaq.

Nigar Məmmədli