Sinif yoldaşının anasını bıçaqlamaqda təqsirləndirilərək 10 il müddətinə azadlıqdan məhrum edilən 1998-ci il təvəllüdlü Qulu Abdullayev və 1999-cu il təvəllüdlü Kamran Cəfərzadə barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə 2015-ci ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovanın evinə pul götürmək üçün girən Ramana qəsəbə sakinləri Q.Abdullayev və K.Cəfərzadə onu bıçaqlayaraq hadisə yerindən qaçıblar. K.Cəfərzadə Aynur Teymurovanın oğlu Əmrah Teymurovun sinif yoldaşı olub.
Q.Abdullayev qəsdən adam öldürməyə cəhddə, quldurluqda və mənzil toxunulmazlığı hüququnu pozmaqda, K.Cəfərzadə isə qəsdən adam öldürməyə cəhddə və quldurluqda təqsirlədirilib.
Hökmdən Q.Abdullayevin qanuni nümayəndəsi, atası İlham Abdullayev və vəkili, K.Cəfərzadənin müdafiəçisi şikayət veriblər. İş icraata götürülüb və baxışa təyin edilib. Proses aprelin 17-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə davam etdiriləcək.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər