Şinzo Abe Olimpiadanın açılışında iştirakdan imtina etdi

Şinzo Abe Olimpiadanın açılışında iştirakdan imtina etdi
Oxunma sayı: 1244

Yaponiyanın sabiq Baş naziri Şinzo Abe Olimpiya oyunlarının açılış mərasimində iştirak etməkdən imtina edib.

“Qafqazinfo” “NHK” telekanalına istinadən xəbər verir ki, Abe Tokyoda keçiriləcək mərasimə yüksək səviyyəli qonaq qismində dəvət olunub.

Məlumatda qeyd olunur ki, həm də Olimpiadanın təşkilati komitəsinin müşaviri olan keçmiş Baş nazir Yaponiya paytaxtında qüvvədə olan fövqəladə vəziyyət səbəbindən belə bir qərar verib. 

Belə ki, Tokyoda koronavirusla mübarizə məqsədilə fövqəladə vəziyyət elan edilib və bu səbəbdən ölkənin sadə vətəndaşları açılış mərasimində iştirak edə bilməz.

Şinzo Abe belə hesab edir ki, sadə vətəndaşlar mərasimdə iştirak edə bilmirsə, o da təntənəli mərasimə qatılmayacaq.

Qeyd edək ki, Tokyo Olimpiya oyunları 2020-ci ilin iyulun 24-dən avqustun 9-na kimi keçirilməli idi. Lakin pandemiya səbəbindən oyunlar 1 il müddətinə təxirə salınmışdı. Bu il isə Olimpiya oyunları iyulun 23-dən avqustun 8-nə kimi baş tutacaq.