“Şir öz elinə qayıtdı...”
Şamaxı azarkeşləri futbolun tarixi bölgəmizə qayıtmasını bu şüarla qeyd edirdilər. Elə klubun loqosunda yer alan iki şir də bölgəni simvolizə edir. “Şamaxı” klubu rayonun ilk komandası deyil. Burada futbolun tarixi olub.
Şamaxıda futbolun keçmişi 1990-cı illərə dayanır. İlk dəfə bu rayonda “İnşaatçı” futbol klubu yaradılır.
Komanda 1990 və 1991-ci illərdə SSRİ futbol çempionatının üçüncü zonasında çıxış edir. SSRİ dağıldıqdan sonra, 1992-ci ildən isə “Şirvan” adı ilə Azərbaycan çempionatına qatılır və 26 komanda arasında 20-ci yeri tutur. Birinci liqaya düşən klub 2 mövsüm orada oynadıqdan sonra 1994-cü ildə maddi problemlərdən sonra fəaliyyətini dayandırır. Klubun bombardiri isə Rəhim Həsənov olub.
“Qafqazinfo” xəbər verir ki, düz 30 il sonra futbol Şamaxıya qayıdır. Bu dəfə fərqli klubla...
İllərdir ki, Azərbaycanda futbolun bölgələrə daşınmalı olduğu istər media, istərsə də, azarkeşlər tərəfindən dillər əzbəri olub. 8 komandanın 7-nin paytaxtda məskunlaşdığı Bakı çempionatından kənara çıxmaq Azərbaycan futboluna və milli komandaya ümid işığı olacaq. Bunun ilk qığılcımlarını da Şamaxıda gördük.
“Neftçi” ilə oyun üçün arenaya gələnlər stadionu tam doldurmuşdular. Qocadan, qadından tutmuş uşağa qədər-hər kəs stadiona gəlib dəstəyini göstərməyə can atırdı. Tribunada özünə yer tapmayanlar hasarların üzərindən, stadionun kənarından oyunu izləyirdi.
Bu rayona futbolun qayıdışı isə Prezident İlham Əliyevin yenidən qurulan Şamaxı şəhər stadionun açılışında iştirakı ilə başladı. Ölkə başçısının stadionun qapısına vurduğu qolun davamı gəlməyə başladı. Artıq bu arenada, azarkeşin dəstəyi altında çox qollar görəcəyik...
Elsevər Məmmədov
Foto-Video: Müzəffər İsmayılov









Son xəbərlər
Son Xəbərlər