Şirkət rəhbəri həbs olundu

sirket-rehberi-hebs-olundu
Oxunma sayı: 3420

Rüşvət alaraq işə götürdüyü şəxslərə yalançı xidmət formaları verən şirkət rəhbəri həbs olunub.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-nin işçilərinin özbaşına müxtəlif dövlət orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının xüsusi geyim formalarından istifadə etməklə, özlərini həmin dövlət qurumlarının əməkdaşları kimi təqdim edib ayrı-ayrı sahibkarlıq subyektlərində yoxlama və digər tədbirlər adı altında qanunsuz hərəkətlər törətmələrinə dair əsaslı şübhələr müəyyən edilib. 

Qeyd edilən faktlarla yanaşı, «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-nin təsisçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyən Sahib Hüseynov Sumqayıt şəhər sakinləri Elvin Əliyevi və Elbəy Allahverdiyevi təsisçisi olduğu şirkətə mütəxəssis vəzifəsinə işə götürüb. Bunun müqabilində həmin Cəmiyyətin mütəxəssisi vəzifəsində işləyən öz qardaşı Hüseynov Ruslan Vahid oğlu vasitəsi ilə Elvin Əliyevdən 2 min manat, Elbəy Allahverdiyevdən isə 700 manat məbləğində pul vəsaitini rüşvət qismində alıb.

Bundan sonra qəbul etdiyi əmrlərlə həmin şəxsləri xüsusi geyim forması ilə təmin etməklə qeyd edilən şirkətdə mütəxəssis vəzifəsinə təyin etməsinə, daha sonra törətmiş olduğu həmin cinayət əməlini pərdələmək məqsədi ilə işə yeni qəbul edilmiş sözügedən işçilərin xidməti geyim forması, ixtisasartırma və digər cari xərcləri ilə bağlı onlarla özü arasında saxta müqavilə bağlamasına və bu yolla da «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-yə rüşvət qismində aldığı 2.700 manat pulun ödənilməsi barədə həmin müqavilənin məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək təsdiq etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Qeyd edilən qanunsuz hallarla bağlı fakta görə Baş İdarədə Cinayət Məcələsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (Rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında Sahib Hüseynov Cinayət Məcəlləsinin 311.3.2 (Təkrar törədilməklə rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.