“Referans Poliklinik” Nəsimi filialının peşəkar qastroenteroloq - hepatoloqu doktor Mahirə Qədirova təhlükəli viruslar və qaraciyər xəstəlikləri ilə bağlı müsahibə verib.
“Qafqazinfo” sözügedən müsahibəni təqdim edir:
- “Hepatit” viruslarından ən təhlükəlisi hansıdır?
- Hepatiti törədən bir çox növ viruslar var. Tez-tez rast gəldiyimiz və eşitdiyimiz – Hepatit A, B, C, Delta və E hepatit viruslardır.
Hepatit A və E – oral, yəni ağız boşluğu ilə, hepatit B, C və Delta – dəri və selikli qişaların bütövlüyünün pozulması nəticəsində orqanizmə daxil ola bilər. Məsələn, müxtəlif tibbi və kosmetik prosedurlar buna səbəb olur.
Əlavə olaraq, hepatit B cinsi yolla və hamilə qadından dölə ötürülə bilər. Hepatit C və Delta üçün bu ehtimal çox aşağıdır.
Hər bir hepatit virusu konkret bir şəxs üçün təhlükəli ola bilər, lakin kəskin hepatitlərdən hepatit B, B+Delta və hamilə qadın üçün hepatit E virusları ən təhlükəli sayılır. Xroniki hepatitlərdən ən təhlükəli hazırda hepatit B+Deltadır, çünki nisbətən qısa müddət ərzində qaraciyərin sirrozuna gətirib çıxara bilər. Yoluxmanın qabağını almaq məqsədilə gigiyenik tədbirlərə riayət etmək lazımdır. Hepat B və D virusuna qarşı xüsusi peyvənd tətbiq oluna bilər.
- Qaraciyər sirrozu hansı mərhələyə kimi müalicə oluna bilər? Xəstələr hansı simptomları görəndə hepatoloqa müraciət etməlidir?
- Qaraciyər sirrozu diaqnozu təyin olunubsa, tam sağalma mümkün deyil. Bəzən qaraciyər sirrozunun ilkin mərhələsində bir qədər geridönmə prosesi ola bilər. Ümumiyyətlə, əksər hallarda bu diaqnoz daimi həkim-hepatoloq tərəfindən nəzarət tələb edir. Qaraciyər “lal” orqan olduğuna görə ilkin mərhələdə heç bir spesifik simptomu olmur. Xəstəlik artdığı zaman xəstə halsızlığı, yorğunluğu, dəridə qansızmaları, yaddaş və yuxu (günorta yuxusu, gecə yuxusuzluğu) pozulmaları, qarın köpməsi, dəri qaşınması, dərinin sarımtılığı, burun qanaxmaları, bədəndə şişkinlik və s. kimi simptomları özündə aşkar edə bilər.
Hepatoloqa müraciət etmək üçün bu simptomları gözləmək məsləhət olunmur. Profilaktika məqsədilə vaxtaşırı qaraciyər “check-up”lardan keçmək arzuolunandır.
- Ümumiyyətlə sirrozdan xilas olmaq mümkündürmü?
- Əksər hallarda mümkündür. Bəzi qaraciyər xəstəlikləri var ki onların tam sağalması mümkün deyil və bəzən müalicəyə cavab zəif olur. O zaman qaraciyərin sirrozu qaçılmazdır.
- Yeni doğulan körpələrdə də hepatitə rast gəlinir. Valideyinlər nə etməlidir ki, övladlarını bu virusdan qorusunlar?
- Hepatit B-dən söz gedirsə, dünyada bu virusa qarşı profilaktik peyvənd var. Respublikamızda da bütün yenidoğulmuş uşaqlara bu vaksin vurulur. Valideyinlər vaksinasiyanı heç bir halda buraxmamalıdır. Hepatit C virusuna qarşı dünyada vaksin yoxdur. Belə halda sadəcə gigiyenik tədbirlərə riayət edilməlidir.
- Xalq təbabətinin biliciləri deyir ki, doşab (bəkməz) qaraciyərin bərpasında mühüm rol oynayır. Həkim kimi bu iddia barədə nə deyə bilərsiniz?
- Xalq təbabətində doşab qaraciyər xəstəliklərindən başqa ağ ciyər xəstəliklərində də istifadə olunur. Tərkibində vitamin və mineral olduğuna görə immun sisteminə müsbət təsir edə bilər. Şəkər əvəzləyici kimi istifadə oluna bilər. Lakin qaraciyərin sağalmasına heç bir təsiri yoxdur. Əgər pasiyent az miqdarda doşabdan istifadə etmək istəyirsə, həkimlər etiraz etmir.
- Hepatoloji xəstələr qida rasionunda ən çox nələrə diqqət edilməlidir?
- Bu qaraciyərin hansı xəstəlik olduğundan asılıdır. Məsələn, kəskin hepatit zamanı bol maye, kompotlar, meyvə şirələri, yağsız qidalar tövsiyə olunur. Piyli qaraciyər zamanı isə əksinə - meyvə, kompotlar, qlükoza və fruktozatərkibli qidalar məhdudlaşdırılır. Qaraciyər sirrozu zamanı duzlu qidalar azaldılır.
- Qaraciyər xəstəlikləri ilə mübarizədə transplantasiya nə qədər faydalıdır?
- Qaraciyərin transplantasiyası qaraciyər çatışmazlığının müalicəsinin sonuncu tədbiridir. Çox hallarda faydalı olur və insanın həyatını xilas edir. Bu əməliyyat vaxtında olmalıdır. Vaxtdan tez ya gec oluna bilməz. Əməliyyatın öz riskləri də var, lakin dekompensasiya mərhələsində yeganə müalicə üsuludur və xəstələrin həyat keyfiyyətini xeyli yaxşılaşdırır.
- Bir çox insan öd kisəsində ən xırda problem yaranan kimi bu orqanın ləğvi üçün əməliyyata müraciət edir. Öd kisəsi hansı mərhələdə ləğv olunmalıdır?
- Öd kisəsinin kəsilib götürülməsinə göstəriş – öd daşı xəstəliyi, öd kisəsinin bəzi polipləri (hamısı yox), öd kisəsinin ağır hipotoniyası, öd kisəsinin xərçəngi.
Öd daşı xəstəliyinin də müxtəlif formaları var. Əgər ağrı varsa, xəstəyə əməliyyat təklif oluna bilər. Tez-tez təkrarlanan tutmalar varsa, əməliyyata 100 faiz göstəriş var. İndividual yanaşma – xəstənin yaşı, yanaşı gedən digər xəstəlikləri, xəstənin fiziki durumu və s. qiymətləndirilir və əməliyyata “hə”, ya “yox” deyilir.
- Müsahibə üçün təşəkkür edirik. Sonda oxuculara tövsiyələriniz nələrdir?
-Hamınıza sağlam həyat arzu edirəm. İmkan daxilində simptomları gözləmədən periodik profilkatik müayinələrdən keçməyi tövsiyə edirəm.
Daha ətraflı məlumat üçün:
www.instagram.com/referanspoliklinika/
www.facebook.com/profile.php?id=100087294918244
Referans Poliklinik Nəsimi filialı: Nəsimi ray., M.Mirqasımov küç. 25A
Çağrı Mərkəzi: *0033
Vatsap dəstək nömrəsi: +994 70 653 00 33