Şirvan şəhərində şəhid ailələri ziyarət edilib - Foto

sirvan-seherinde-sehid-aileleri-ziyaret-edilib
Oxunma sayı: 2368

Martın 10-da Şirvan şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlər-Elsevər Bünyatov, Faiq Cavadov, Həsən Hüseynov, Tofiq Əliyev və Natiq Quliyevin ailə üzvləri Yel çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibəti ilə ziyarət edilib və onların ailə-məişət qayğıları ilə maraqlanılıb.

“Qafqazinfo” xəbər verir ki, görüşlərdə şəhidlərin xatirəsi yad edilib, barələrində xoş təəsüratlar danışılıb. Qeyd olunub ki, vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı ilə yanaşılır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması və hər cür diqqət və qayğı ilə əhatə olunması təşkil edir. Bu, dövlət səviyyəsində şəhidlərə, müharibə əlillərinə və onların ailə üzvlərinə dərin hörmət və ehtiramın göstəricisi və əyani təzahürüdür”.

Vurğulanıb ki, şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.

Keçirilən görüşlərdə şəhid ailələri “Yel çərşənbəsi” və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edilib, onlara bayram sovqatları verilib.

Şəhid anaları Anaxanım Bünyatova, Xuraman Cavadova, Balacaxanım Hüseynova, Gülbəstə Əliyeva və Mübarizə Quliyeva göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.