Şirvanda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd edildi - Fotolar

sirvanda-20-yanvar-faciesinin-32-ci-ildonumu-qeyd-edildi
Oxunma sayı: 1611

20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri öncə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət ediblər. Abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. 

“Qafqazinfo” xəbər verir ki, sonra Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Şirvan şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanı ziyarət olunub. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidənin, “Əbədi məşəl” abidəsinin və şəhid məzarlarının önünə tər qərənfillər düzərək ruhlarına dualar oxuyublar.

İcra başçısı İlqar Abbasov bütün şəhid analarına ehtiram əlaməti olaraq ucaldılan “Şəhid anası” memorial abidə kompleksinin önünə əklil qoyub. 

Memorial abidə kompleksinin önündə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib. Öncə Vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

İcra başçısı İlqar Abbasov çıxış edərək tarixin yaddaşına xalqımızın ən faciəli günlərindən biri, eyni zamanda qəhrəmanlıq səhifəsi kimi yazılan Qanlı 20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq ağır nəticələrinin unudulmadığını, Vətənin azadlığı və suverenliyi uğrunda canından keçənlərin hər il dərin ehtiramla yad edildiyini bildirib. O, Azərbaycanın azadlığı, suverenliyi, bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını bidirib.

Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra avtomobillərdən səs siqnalları verilib. 

Tədbirdən sonra icra başçısı İlqar Abbasov və hüquq-mühafizə orqanlarının rəhbərləri Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlar Nofəl Quliyevin, Tahir Bağırovun, Rəfael Həbibovun büstlərini ziyarət edərək, gül dəstələri düzüblər və xatirələrini ehtiramla yad ediblər. Büstlərin önündə Milli Qəhrəmanların ailə üzvləri, təhsil aldıqları məktəblərin müəllimləri onların həyat və fəaliyyətləri, göstərdikləri şücaətlər barədə məlumat veriblər. 

Sonra şəhərin el qəbiristanlığında uyuyan şəhidlərin məzarları ziyarət edildi, ruhlarına dualar oxundu. 

Daha sonra Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun məzarı və məzarüstü abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub.