Şirvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının konfrans zalında keçirilən dəyirmi masada Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şura üzvləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimai-siyasi qurumların nümayəndələri iştirak edib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində törədilən kütləvi qırğından 33 il keçməsinə baxmayaraq xalqımızın həmin faciənin ağır nəticələrini unutmadığını, vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızlarını hər zaman dərin ehtiramla xatırladığını bildirib.
O, faciədən dərhal sonra-1990-cı il yanvarın 21-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirməsini, SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirərək bu faciəni törədənlərin cəzalandırılmasını tələb etməsini, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin də şəhidlərə və onların ailələrinə xüsusi diqqət və qayğı nümayiş etdirməsi barədə məlumat verib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət və ailələrinə səbir diləyib.
Son xəbərlər
Son Xəbərlər