Şirvanda 4 nəfəri aldadıb 25 min manatlarını oğurladılar

sirvanda-4-neferi-aldadib-25-min-manatlarini-ogurladilar
Oxunma sayı: 2580

Şirvanda 4 nəfər şəxs onlayn dələduzluğun qurbanı olub.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şirvan şəhər sakini olan 4 vətəndaşa xarici mobil operatorlardan zənglər gəlib, onlara kart məlumatlarının risk altında olduğu, eləcə də adlarına müəyyən məbləğlərdə kreditlər ayrıldığı deyilib. Zərərçəkənləri özlərinə inandıran dələduzlar daha sonra vətəndaşlardan məlumatlarını yeniləmək adı ilə bank və şəxsi məlumatlarını alaraq öz "işlərini" həyata keçiriblər. Nəticədə digərləri kimi, sakinlərin kartlarından 6300, 3700, 8000, 7100 manat onlayn yolla başqa bir kart hesabına köçürülüb və ümumilikdə onlara 25000 manatdan artıq maddi ziyan dəyib.

Baş vermis hadisələrlə bağlı müvafiq araşdırmalara başlanılıb.

Qeyd edək ki, DİN və digər qurumlar mütəmadi olaraq onlayn dələduzluğa qarşı vətəndaşları ayıq olmağa çağırır.