Şirvanda abadlıq-quruculuq işləri uğurla davam etdirilir - Fotolar

Şirvanda abadlıq-quruculuq işləri uğurla davam etdirilir
Oxunma sayı: 1247

Ölkə başçısının tikinti-quruculuq və abadlıq işlərinin zövqlə və günün tələbləri səviyyəsində aparılması ilə bağlı göstəriş və tövsiyyələrinə müvafiq olaraq ölkəmizin bütün regionlarında olduğu kimi Şirvan şəhərində də irimiqyaslı layihələrin icrası, yenidənqurma  işləri uğurla davam etdirilir. Həmçinin yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması, infrastruktur layihələrinin həyata keçirilməsi və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, abadlıq-quruculuq işləri sırasında Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət parkının xüsusi layihə əsasında, yüksək keyfiyyətlə və zövqlə əsaslı şəkildə yenidən qurulması xüsusi yer tutur. Müasir tələblərə uyğunlaşdırılan yeni istirahət parkı şəhərimizin simasını gözəlləşdirməklə bahəm, şəhər sakinlərinin və qonaqların mədəni istirahətinə, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edəcək. Son vaxtlar ərazisi genişləndirilərək 10,1 hektar olan parkda xeyli iş görülüb. Parkın mərkəzi hissəsində yerləşən kanalın və süni gölün xüsusi texnikalar vasitəsi ilə qurudulması və təmizlənməsi başa çatdırılıb, monolit dəmir-beton tava və kanal divarları, 2 ədəd monolit dəmir-beton körpü tikilib, kanalın əks doldurulması işlərinə başlanılıb. Kanalın su təminatı və kanal suyunun təmizlənməsi üçün xüsusi qurğular, 400 KVA gücündə yeni KTM quraşdırılmış, su və kanalizasiya xətləri çəkilib. Əraziyə  tamet tavalar döşənib, beton bordyurlar düzülüb. İkinci xiyabanda tamet tavaların döşənməsi və beton bordyurların düzülməsi işlərinə başlanılıb.

Şirvan şəhər sakinlərinin əlamətdar günlərdə hörmət və ehtiramla yad etdikləri “Ana abidəsi kompleksi”nin ətrafında da xeyli iş görülüb, monolit dəmir-beton və hörgü işləri aparılıb. Parkın ərazisində yerləşən “Uşaq Gənclər İnkişaf Mərkəzi”nin fasad hissələri təmir olunub. Parkda uzun illərdən bəri mövcud olmuş bataqlıq ərazi çirkab sularından təmizlənib, parkın giriş hissəsində layihə üzrə genişlənmə işləri ilə əlaqədar pilləkənlərin bünövrəsi tamamlanıb, hörgü işlərinə başlanılıb.

Energetik küçəsi 9 nömrəli və L-nt. İbrahimov küçəsi 10 nömrəli binaların qarşısında sahəsi 1,5 ha olan müasir memarlıq üslubunda “Abad məhəllə”nin salınması son vaxtlar Şirvan şəhərində aparılan abadlıq işləri sırasında önəmli yer tutur. “Bizim həyət” layihəsinə uyğun olaraq “İDEA” İctimai Birliyi tərəfindən salınacaq idman qurğuları meydançası betonlanıb, əraziyə tamet tavalar döşənib, beton bordyurlar düzülüb, 4  ədəd söhbətgahın metal konstruksiya işləri tamamlanıb. Abad məhəllənin işıqlandırılması üçün 18 ədəd işıq dirəklərinin, uşaq əyləncə qurğularının və müşahidə kameralarının quraşdırılmasına başlanılıb. Məhəllənin asfaltlanması işləri başa çatmaq üzrədir.

21 nömrəli tam orta məktəbdə söküntü işləri tamamlanıb, 624 şagird yerlik yeni məktəb binasının tikinti işlərinə başlanılıb.

15 sentyabr 2020-ci il tarixində əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən Şirvan Reabilitasiya Mərkəzi limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib. Burada səmərəli fizioterapevtik üsullar, müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq ediləcək. Şirvan Reabilitasiya Mərkəzi Şirvan və ətraf rayonlar üzrə il ərzində 500-ə yaxın əlilliyi olan şəxsə tibbi-sosial reabilitasiya xidmətləri göstərəcək.

Bundan əlavə 5 saylı Ərazi Vergilər idarəsi üçün tikilən yeni inzibati binada tikinti işləri  artıq tamamlanmaq üzrədir. “Şəhidlər Xiyabanı”nda 2 yardımçı otağın təmir işləri başa çatdırılıb, 2010-cu ildə Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması nəticəsində baş vermiş təbii fəlakət zamanı şəhər ərazisində fərdi yaşayış evlərinə dəymiş ziyanla bağlı Fövqəladə Hallar Nazirliyi  tərəfindən 2 fərdi evin tikintisi tamamlanıb. 20 Yanvar küçəsi 26A nömrəli, Energetik küçəsi 3, 5 nömrəli yaşayış binalarının, Heydər Əliyev küçəsi 18 nömrəli, N.Nərimanov küçəsi 1 və 3 nömrəli yaşayış binalarının fasad hissələrinin, giriş bloklarının təmiri işləri başa çatıb. 

Heydər Əliyev prospektində daşıyıcı qaz xətlərinin çəkilişi yekunlaşıb, M.Füzuli, M.Mirzəyev, N.Nərimanov, H.Z.Tağıyev, M.Ə.Rəsulzadə, M.P.Vaqif, Naxçıvan, Energetik küçələrində ümumilikdə 5000 poqonmetr müxtəlif diametrli paylayıcı qaz xətləri çəkilərək istismara verilib. Hazırda T.İsmayılov, l-nt İbrahimov, S.Zeynalov, 20 Yanvar və Energetik küçələrində kanalizasiya, “Bağ evləri” yaşayış sahəsində su xətlərinin çəkilişi işləri davam etdirilir.

Hacıqabul-Şirvan avtomobil yolunun 4 və 5-ci kilometrlərində əsaslı təmir işləri tamamlanıb, 15400 kvadratmetr asfalt-beton örtük vurulub. Şəhərdaxili yolların əsaslı təmiri işlərinə başlanılıb, F.X.Xoyski və İ.Şıxlı küçələrinə ümumilikdə 7317 kvadratmetr asfalt-beton örtük vurulub, Heyranxanım, S.Bəhlulzadə, Niyazi, R.Rza, Təbriz, Y.V.Çəmənzəminli, X.Məmmədov, L-nt İbrahimov olmaqla, ümumilikdə 23 küçədə hazırlıq işlərinə başlanılıb. Heydər Əliyev, F.Eynullayev, G.Şıxbalaoğlu, Ş.Şükürov, S.Ə.Şirvani, 1 May, M.V.Vidadi, T.Ələkbərov, İstiqlaliyyət küçələrində, Heydər Əliyev prospektində səkilərin, 28 May 3, 4, 5, 7, Heydər Əliyev 10,12, F.Eynullayev 9 saylı yaşayış binalarının qarşısında ümumilikdə 6 nümunəvi məhəllənin layihə smeta sənədləri hazırlanıb, tikinti-quraşdırma işlərinə başlamaq üçün hazırlıq işləri görülür.

Şəhər İcra Hakimiyyəti tərəfindən Şirvan şəhərində abadlıq-quruculuq işlərinin həyata keçirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi davam etdirilir.






Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi