Şirvanda Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin ildönümü münasibətilə tədbir keçirildi

sirvanda-heyder-eliyevin-siyasi-hakimiyyete-gelmesinin-ildonumu-munasibetile-tedbir-kecirildi
Oxunma sayı: 2735

Şirvanda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyəti, YAP Şirvan şəhər təşkilatı və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi münasibətilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründən başlayır.

1969-cu ildə Heydər Əliyevin dövlətə rəhbərliyinin ilk günlərindən respublikada böyük bir inkişafın başlandığı göz önündə idi. Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaranıb.

İlqar Abbasov Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik, quruculuq siyasətinin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, müasir və  müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu qeyd edərək, tədbir iştirakçılarını bu tarixi gün münasibətilə təbrik edib və dövlətimizin inkişafı naminə fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov, Şirvan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva və şəhid atası Alim Zülfüqarlı Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından geniş məlumat verərək, 1969-cu ilin 14 iyul tarixinin Azərbaycan xalqı və dövləti üçün adi bir təqvim gününü ifadə edən tarix deyil, Azərbaycanın dövlətçilik tarixinin mühüm dönüş nöqtələrindən biri, tərəqqi yolunun, intibahın və yüksəlişin başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunduğunu diqqətə çatdırıblar.

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bir qrup müharibə iştirakçısına 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsini təqdim edib.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olmuş bir qrup şəxsə partiya üzvlük vəsiqələri, Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Pərviz Rüstəmbəyova döş nişanı xatirə hədiyyəsi təqdim olunub.