Şirvanda Heydər Əliyevlə bağlı konfrans keçirildi - Fotolar

sirvanda-heyder-eliyevle-bagli-konfrans-kecirildi
Oxunma sayı: 2519

Şirvan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Şirvan şəhərində “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Şirvan şəhərinin mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Şirvan şəhər Heydər Əliyev Mərkəzi ilə tanışlıq, həmçinin mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisinə baxış keçirilib. Daha sonra Şirvan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında konsert proqramı keçirilib.

“Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans YAP Şirvan şəhər təşkilatının inzibati binasında davam edib. Sonra Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Xalqın adamı” sənədli filmi nümayiş olunub.

Konfransda çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ulu öndər Heydər Əliyevin fəaliyyəti, siyasi irsi haqqında geniş məruzə ilə çıxış edib. 

Sonra çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Ulu Öndər haqqında çıxışını 3 istiqamətdə davam etdirib. İlk olaraq onun təhsilin, xüsusilə də ali təhsilin inkişafına göstərdiyi diqqət və qayğısı, müəllim əməyinə verdiyi qiymət xüsusi vurğulanıb. Növbəti istiqamət kimi Ulu Öndərin sənayeləşmə siyasəti diqqətə çatdırılıb. Rektor qeyd edib ki, bugünkü iqtisadi uğurların təməlində məhz Heydər Əliyevin sənayeləşmə siyasəti dayanır. Üçüncü istiqamət kimi reformaların aparılması göstərilib ki, bu da Heydər Əliyevin hər zaman dəstəklədiyi istiqamətlərdən olub. 

Daha sonra çıxış edən AzTU-nun məsləhətçi-professoru Heybətulla Əhmədov Ulu Öndərlə bağlı xatirələrindən söz açıb. Bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü onun tələbəlik illərinə təsadüf edib. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi, onun tapşırığı ilə gənclərin xaricdə təhsil almağa göndərilməsi, ölkənin bütün sahələrdə inkişafı ilə bağlı qərarları xalq tərəfindən böyük rəğbətlə qarşılanıb.

Konfrans Nofəl Quliyev adına Şirvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.