Şirvanda iyun ayında silsilə tədbirlər keçirilib - Fotolar

sirvanda-iyun-ayinda-silsile-tedbirler-kecirilib
Oxunma sayı: 1755

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyun ayı ərzində şəhərdə silsilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda bayram tədbiri, “18 may–18 iyun İnsan hüquqları aylığı” ərəfəsində “Ümummilli lider Heydər Əliyev Azərbaycanda insan hüquqları konsepsiyasının banisidir” və 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda elmi praktik-konfrans, 2022-2023-cü tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri və 26 iyun-Silahlı Qüvvələr Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəyə uyğun olaraq iyun ayının sonuncu cümə axşamı şəhid ailələri ilə görüşüb, müraciət və təkliflərini dinləyib, qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş qrafikə əsasən, 2023-cü ilin iyun ayında şəhərin müxtəlif ərazilərində şəhər sakinləri ilə 4 səyyar görüş keçirilib. Səyyar görüşlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasətdən, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin və yerli proqramlarda nəzərdə tutulan geniş abadlıq-quruculuq, yaşıllaşdırma və infrastrukturun yenilənməsi istiqamətində görülən işlərin uğurla həyata keçirilməsindən danışılıb.

Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf konsepiyası barədə məlumat verilərək, konsepsiyada nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası Şirvan şəhərinin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcının qoyulmasında, şəhərin daha da müasirləşməsində, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayacağı qeyd edilib.