Şirvanda Milli Qurtuluş Günü qeyd olundu - Fotolar

sirvanda-milli-qurtulus-gunu-qeyd-olundu
Oxunma sayı: 2686

Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Zəfərə” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət ediblər.

Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin qarşısında Şirvan şəhərinin inkişafına həsr olunmuş foto-sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən rəsmi bayram kimi qeyd edilir. Milli qurtuluşdan başlanan yolun zirvəsində tarixi Zəfərimiz dayanır.

Ulu Öndər Heydər Əliyevin bütün arzuları, ən əsası, özündə tarixi torpaqlarımızın azadlığını ehtiva edən müqəddəs ata vəsiyyəti Prezident cənab İlham Əliyev tərəfindən əzmlə, fədakarlıqla yerinə yetirildi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 200 illik tariximizin ən böyük qələbəsini qazandı.

44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında heç bir gün çəkməyən antiterror tədbirləri ilə 30 illik erməni işğalı başa çatdı, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olundu. Əminliklə söyləyirik ki, bundan sonra Azərbaycanı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə böyük tərəqqi, davamlı inkişaf və daha xoşbəxt günlər gözləyir.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş “Xilaskar” filmi nümayiş olunub.

Daha sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Milli Qurtuluş Günü münasibətilə bir qrup şəhid ailəsi üzvünə və müharibə iştirakçısına 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsini təqdim edib.

Tədbir Şirvan şəhər Uşaq Musiqi Məktəbinin kollektivinin ifasında konsert proqramı ilə davam edib.

Sonda Ümummilli Liderin müstəqillik dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdən, onun siyasi fəaliyyətindən bəhs edən “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabı Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin kitabxanasına hədiyyə olunub.