Şirvan şəhəri ərazisində koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi gücləndirilmiş iş rejimində davam etdirilib.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq aprel ayının 5-dən etibarən şəhər ərazisində hərəkət məhdudiyyəti tətbiq edilmiş, şəhər Polis Şöbəsinin əməkdaşları ilə bərabər Daxili Qoşunların şəhər ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgər heyəti də xüsusi karantin rejiminə nəzarət prosesinə cəlb edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və şəhər Polis Şöbəsinin rəisi Hikmət Quliyev şəhərə giriş-çıxışın məhdudlaşdırılması məqsədi ilə yaradılmış postlarda vəziyyətlə yerində tanış olub, İcra Hakimiyyətinin başçısı Gigiyena və Epidemiologiya Mərkəzinin və şəhər Bələdiyyəsinin sanitar işçiləri ilə görüşərək şəhər ərazisində aparılan profilaktik dezinfeksiya işləri ilə əlaqədar onlara öz tövsiyyə və tapşırıqlarını verib.
Axşam saatlarından başlayaraq şəhərin küçə və prospektləri təkrarən dezinfeksiyaedici maddələrlə yuyulub, yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində və pilləkənlərdə, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminallarında, park və xiyabanlarda, avtomobil dayanacaqlarında, qəsəbələr də daxil olmaqla ümumilikdə 191 obyektdə dezinfeksiya işləri davam etdirilib.
Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi davam etdirilir.