Şirvanda Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb - Fotolar

sirvanda-ramazan-ayi-munasibetile-iftar-sufresi-acilib
Oxunma sayı: 1180

Bu gün Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə şəhid ailələrinin üzvləri, qazilər, aztəminatlı ailələrin nümayəndələri, Çenobıl iştirakçıları, dindarlar üçün iftar şüfrəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə millət vəkili İltizam Yusifov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə və müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, bu gün 99 illik yubileyi qeyd olunan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Mərasimdə çıxış edən Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Hüseynov iştirakçıları qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib və Şəhər İcra Hakimiyyəti başçısının ən səmimi arzu və diləklərini yetirdiyini bildirib. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini söyləyib. Milli və dini tolerantlığın hökm sürdüyü ölkəmizdə bütün dini bayramların, o cümlədən də Ramazan bayramının hər il təntənə ilə qeyd edildiyini diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunmasında və tarixi Zəfər qazanılmasında şəhidlərimizin böyük xidməti olduğunu vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğıdan danışıb. Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən dövlət siyasətinin Şirvan şəhərində də davam etdirildiyini qeyd edib. Məharət Həsənov Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət, yaxınlarına bir daha başsağlığı verib və səbir diləyib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən oğulların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıb.

Millət vəkili İltizam Yusifov insanların oruc tutmaqla mənəvi kamilliyə yetişdiyini, saflaşdığını bildirib və bütün müsəlmanların oruclarının və dualarının qəbul olmasını arzulayıb. Dövlətimizin birlik, bərabərlik və həmrəylik sayəsində daha da inkişaf edəcəyinə əmin olduğunu diqqətə çatdırıb. Xalqımıza əmin-amanlıq, xoşbəxtlik və ruzi-bərəkət arzulayıb.

Şəhid anası Ceyran xanım, şəhid atası Alim Zülfüqarov torpaqlarımızın işğaldan azad edilməsində övladlarının da payı olduğu üçün qürur duyduqlarını bildiriblər və Allah dərgahında şəhidlərə verilən yüksək dəyərdən rahatlıq tapdıqlarını vurğulayıblar. Bu cür tədbirlərin təşkilinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mərasim boyu Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev və digər din xadimləri Müqəddəs kitabımız olan “Qurani-Kərim”in bizə nazil olduğu bu ayın fəzilətlərindən danışıblar və dualar oxuyublar.