Şirvanda şəhid ailələri ilə görüş keçirildi - Fotolar

sirvanda-sehid-aileleri-ile-gorus-kecirildi
Oxunma sayı: 1210

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq ayın sonuncu cümə axşamı günü Şəhidlər xiyabanını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, icra hakimiyyətinin əməkdaşları, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhid ailələri Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar. 

Ziyarətdən sonra “Şəhid anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüş keçirilib. İcra başçısı İlqar Abbasov şəhid valideynlərinə Vətənimiz, xalqımız üçün vətənpərvər, şücaətli, mərd oğullar böyütdüklərinə görə təşəkkürünü bildirib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim uca tutulacağını vurğulayıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb, bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Şirvandan olan 9 Vətən müharibəsi şəhidinin ordenlə təltif edildiyini, onların adlarınının yaşadıqları küçələrə verildiyini diqqətə çatdırıb. Şəhidlərimizin əlamətdar günlərdə, xüsusilə doğum və anım günlərində məzarlarının ziyarət olunmasının, ailələrinə mütəmadi həssaslıq göstərilməsinin şəhid ruhlarına ali ehtiramın nəticəsi olduğunu qeyd edib. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.

Görüşdə qaldırılan məsələlər əsasən, şəhid adlarının əbədiləşdirilməsi, xüsusilə adlarının küçələrə, məktəblərə verilməsi, orden və medallarla təltif olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma və sair ilə bağlı olub. Şəhid adlarının verilməsinin “Şəhid adlarının əbəiləşdirilməsi haqqında Qanun”a əsasən tənzimləndiyi, işlə təminat məsələsində şəhid ailələrinə öncüllük verildiyi, digər məsələlərlə bağlı dövlət səviyyəsində proqramlar və layihələr həyata keçiriləcəyi barədə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən şəhid ailələrinə geniş məlumat verilib.